AZ

Heydər Əliyev parkındakı restoranın ətrafında qurumuş ağaclar kəsilib

Xırdalan şəhərindəki Heydər Əliyev adına parkın ərazisində yerləşən restoranlardan birinin ətrafında qurumuş ağaclar kəsilib. 

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, Xırdalan şəhərində, Heydər Əliyev adına park ərazisində yerləşən restoranının yaxınlığındakı ağacların kəsilməsi halları müşahidə olunub.

Abşeron Rayon İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, Xırdalan şəhəri üzrə ümumilikdə 980 ədəd qurumuş ağac və gül kolunun götürülməsi nəzərdə tutulub. Onlardan 292-si Heydər Əliyev adına parkda yerləşir. Bildirilib ki, bir sıra ünvanlarda, o cümlədən sözügedən restoranın yerləşdiyi ərazidə də quru və təhlükəli vəziyyətdə olan ağacların müəyyənləşdirilərək götürülməsi prosesi həyata keçirilir.

Abşeron RİH-in məlumatına əsasən, qurumuş ağacların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin 02 iyul 2025-ci il tarixli rəyinə əsasən aparılır. Həmin rəyə uyğun olaraq, ağacların mərhələli şəkildə çıxarılması və payız mövsümündə əvəzləyici tinglərin əkilməsi nəzərdə tutulub.

Qurum bildirir ki, proses tam şəffaf şəkildə həyata keçirilir. Götürülən ağacların sayı, ünvanları və koordinatları aidiyyəti qurumların iştirakı ilə sənədləşdirilib.

Abşeron Rayon İcra Hakimiyyəti bir daha vətəndaşlara müraciət edərək bildirir ki, yaşıllıqlara qarşı hər hansı qanunsuz müdaxilə ilə rastlaşdıqda bu barədə dərhal məlumat versinlər. Qurum ərazidə yaşıllıqların qorunmasına xüsusi önəm verdiyini və bu istiqamətdə davamlı işlər apardığını vurğulayıb.

Şahanə Xankişiyeva

Seçilən
20
far.az

1Mənbələr