AZ

AMB sədri: "Makroiqtisadi və maliyyə sabitliyi üzrə qanunvericiliyin təkmilləşdirilməsi vacibdir"

Mərkəzi Bankda iyul ayının 30-da “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun ilk iclası keçirilib.

Banco.az AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri və alt işçi qrupun rəhbəri Taleh Kazımov iclasda çıxışı zamanı iqtisadi artımın davamlılığının təmin edilməsi, xarici və daxili şoklara qarşı iqtisadiyyatın dayanıqlılığının artırılması, həmçinin sosial rifah və inklüziv inkişafın dəstəklənməsi baxımından makroiqtisadi dayanıqlılığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sədr Taleh Kazımov “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın makroiqtisadi sabitlik sahəsində həyata keçirilmiş tədbirlərin müsbət nəticələr verdiyini bildirib. O, inflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda idarə olunması, maliyyə sektorunun dərinliyinin artırılması, maliyyə sektorunun ÜDM-də payının yüksəldilməsi və ümumiyyətlə, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edib.

Sədr çıxışı zamanı 2027-2030-cu illərdə ölkədə makroiqtisadi dayanıqlılığın daha da gücləndirilməsi məqsədilə makroiqtisadi və maliyyə sabitliyi üzrə siyasət çərçivələrinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra tədbirdə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması çərçivəsində təklif olunan fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.

Sədr yekunda işçi qrupun üzvlərini bu fəaliyyət istiqamətləri üzrə koordinasiyalı əməkdaşlığa dəvət edib.

Qeyd edək ki, “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupu Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s nömrəli Sərəncamına əsasən yaradılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
48
20
banco.az

10Mənbələr