AZ

Keçmiş köçkünlər “Böyük Qayıdış”a MS Office bilikləri ilə hazırlaşırlar -FOTOLAR

Bərdədə və Mingəçevirdə yekun qiymətləndirmə olub. MS Office proqramları kursunu uğurla bitirən 29 keçmiş köçkün sertifikatla təltif olundu.

QHT.az xəbər verir ki, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin nümayəndələri iyulun 26-də Bərdə şəhərində yerləşən “General Academy” MMC-nin, iyulun 30-da isə  Mingəçevir Turizm Kollecinin kompüter mərkəzlərində olublar. Onlar təlimlərə qatılan keçmiş köçkünlərin rəqəmsal bacarıqlarının yekun qiymətləndirilməsini həyata keçiriblər. MMC-nin direktoru və təlimçi Pərvanə Ağayeva məlumat verib ki, indiyədək MS  Word, Excel və  PowerPoint proqramlarının yekunu üzrə testlər aparılıb, bu dəfə isə 20 sualdan ibarət ümumi test sınağı aparılıb: “Qrup üzvləri sualların əksəriyyətini doğru cavablandırıblar”.

Oxşar proqramla Mingəçevirdə təlim aparan Ləman Nəbiyeva da keçmiş köçkünlərin həvəslə öyrəndiklərini diqqətə çatdırıb və əlavə edib ki, təlim boyu bütün məşğələlərin təqdimatları qrupun WhatsApp səhifəsinə yüklənib: “Bu, üzürlü səbəbdən bəzi təlimlərə qatıla bilməyənlərə, eyni zamanda keçmiş dərsləri təkrar etmək istəyənlərə təlim materiallarından rahatlıqla faydalanmaq imkanı yaradıb”. 

Hər iki mərkəzdə təlim kursunu bitirənlər növbə ilə praktik bacarıqlarını da proyektor vasitəsilə nümayiş etdirib və sualları cavablandırıblar. Təqdimatlardan aydın olub ki, onlar iki ay ərzində öyrəndiklərini artıq tətbiq edə bilirlər.

Yekun qiymətləndirmədən sonra kompüter təlimi üzrə MS OFFİCE proqramları kursunu uğurla bitirən 29 nəfərə (Bərdədə 15, Mingəçevirdə isə 14 keçmiş köçkünə) sertifikatlar təqdim olunub. Təqdimat mərasimlərinə “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev və onun müavini Yeganə Nəbiyeva,  Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, “Ekoloji İnformasiya” İctimai Birliyinin sədri Musa Muradlı da qatılıb. Onlar benefisiarlara məsləhətlərini verib və uğurlar arzulayıblar.  Xüsusilə vurğulanıb ki, burda qazandıqları bilik və təcrübə qayıdışdan sonra onların əmək bazarına inteqrasiyasında əhəmiyyətli rol oynayacaq.

Təlimlər “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin (MVA İB) may ayının 1-dən həyata keçirdiyi “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsi çərçivəsində təşkil olunub. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

MVA İB  2022-ci ildən yerli və beynəlxalq donorların dəstəyi ilə keçmiş köçkünlərlə bağlı 5 layihəni gerçəkləşdirib. Ötən müddətdə məcburi köçkün icmalarında ehtiyacların müəyyənləşdirilməsi ilə bağlı sorğular və birgəyaşayış mövzusunda məlumatlandırma kampaniyaları aparılıb, məşğulluq ehtiyacları araşdırılıb, onların peşə bacarıqlarının artırılması məqsədilə qısamüddətli kurslar təşkil olunub. 

Seçilən
44
3
qht.az

4Mənbələr