Bakı, 30 iyul, Aysel Azadqızı, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) keçirilən ali təhsil müəssisələrinin sərgisində ilk dəfə olaraq DİM-in mütəxəssisləri tərəfindən hazırlanmış “Peşə seçimi” testlərindən ödənişsiz istifadə imkanı təqdim olunur. Bu testlər abituriyentlərin potensialına uyğun peşə istiqamətinin müəyyənləşdirilməsi məqsədi daşıyır və bir neçə hissədən ibarət kompleks qiymətləndirmə vasitəsidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində DİM-in əməkdaşı Nərmin Xəlilova deyib. O bildirib ki, iyulun 30-dan avqustun 1-dək sərgini ziyarət edən abituriyentlər “Peşə seçimi” testlərindən tamamilə ödənişsiz yararlana biləcəklər: “Testlər üç əsas bölmədən ibarətdir: “Təfəkkür testi”, “Şəxsi xüsusiyyət testi” və “Peşə maraqları testi”.
“Təfəkkür testi” verbal, riyazi və fəza təfəkkürünü ölçür.
Yeniyetmələrin peşə seçimində onlara təsir göstərən faktorlardan biri məhz şəxsi xüsusiyyətləridir. “Şəxsi xüsusiyyət testi”ndə yeniyetmələrin emosionallığı, çevikliyi, riskə hazırlığı olmaqla ümumilikdə yeddi istiqamət üzrə ölçmə aparılır.
“Peşə maraqları testi” isə yeniyetmələrin maraq dairəsini müəyyənləşdirmək üçün tərtib olunub. Burada müxtəlif peşələri 18 sahə üzrə qruplaşdıraraq onlara aid suallar tərtib edilib.
Ümumilikdə, bu testlərin nəticələri əsasında abituriyentlər həm öz qabiliyyətlərini daha yaxşı dərk edə, həm də maraq göstərdikləri sahələri daha düzgün seçə bilərlər. Onlar seçdikləri ixtisasların dərinliklərini necə öyrənə biləcəkləri, necə yaxşı bir mütəxəssis ola biləcəkləri barədə istiqamət ala bilərlər. Nəticələr isə testin sonunda dərhal təqdim olunacaq”.
Nərmin Xəlilova əlavə edib ki, “Peşə seçimi” testləri təkcə abituriyentlər üçün deyil, eyni zamanda valideynlər üçün faydalı ola bilər: “Valideynlər bu testlərin nəticələrinə əsaslanaraq övladlarına daha düzgün istiqamət verə, onlara dəstək ola biləcəklər. Gələcəkdə bu testlərdən daha geniş formada istifadə nəzərdə tutulur”.