"Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Petrokub"un baş məşqçisi Şota Makaradze Bakıda jurnalistlər önünə çıxmayacaq.
Offsideplus.az xəbər verir ki, gürcüstanlı mütəxəssisin cavab oyunu öncəsi mətbuat konfransı vaxt məhdudiyyətinə görə nəzərdə tutulmayıb. Bunu saytımıza açıqlamasında "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib:
"Rəqib komanda bu gün Bakıya gec çatacaqlar. Hotelə yerləşib, birbaşa məşqə gələcəklər. "Petrokub"un oyun öncəsi məşqi isə bu gün saat 20:00-da Bank Respublika Arenada olacaq".
Qeyd edək ki, bu gün saat 17:30-da "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı, saat 18:00-da isə komandanın ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi keçiriləcək. Konfrans və açıq məşq Şüvəlanda, “Sabah” Futbol Mərkəzində baş tutacaq. Cavab qarşılaşması 31 iyul saat 20:00-da isə “Bank Respublika Arena”da oynanılacaq. "Sabah" ilk matçda 2:0 hesabı ilə Moldova komandasını məğlub etmişdi.