AZ

Vaşinqton nüvə kartını açır: Yeni müttəfiqlik oyunu BAŞLAYIR

ABŞ Böyük Britaniyaya nüvə silahı yerləşdirdiyini rəsmən təsdiqləyib. Bu addım beynəlxalq aləmdə böyük rezonans doğurub.

Ekspertlərə görə, Vaşinqtonun bu qərarı ilk növbədə Rusiyaya ünvanlanmış siyasi və hərbi mesajdır. Şərhlər göstərir ki, bu, Moskvanın 2022-ci ilin fevralında – Ukraynaya hərbi müdaxilədən sonra Qərbi dəfələrlə nüvə silahı ilə hədələməsinə cavab olaraq qiymətləndirilir.

Bəs, bu gedişat nə ilə nəticələnə bilər? ABŞ-ın bu addımı bölgədə güc balansını necə dəyişə bilər? Nüvə silahı ilə bağlı gərginlik yeni təhlükəli mərhələyə keçir?

Editor.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, ABŞ bu addımı ilə Böyük Britaniyanı öz çətiri altına aldığını və bu ölkənin Avropada ən yaxın müttəfiqi olduğunu nümayiş etdirir:

“Təbii ki, bu həm də Rusiya Prezidenti Vladimir Putinə ünvanlanan bir mesajdır – yəni ABŞ və Böyük Britaniya birgə hərəkət edirlər. Bu isə artıq heç kim üçün sirr deyil.
Bununla yanaşı, Kreml tərəfindən vaxtaşırı nüvə silahından istifadə olunacağı ilə bağlı verilən açıqlamalar da Avropada ciddi narahatlıq yaradır. Qərb ölkələri hər zaman “biz zərər görməyək, başqaları nə vəziyyətə düşürsə düşsün” prinsipi ilə hərəkət ediblər. Bu yanaşmanın ən aydın nümunəsini dünya Ukrayna müharibəsində gördü”.

Cavanşir Abbaslının sözlərinə görə, nüvə silahına sahib ölkələrdən birinin də Böyük Britaniya olduğu unudulmamalıdır:

“ ABŞ bu mövzuda həm Rusiyaya, həm də dünyaya mesaj verir ki, onun yaxın müttəfiqləri də nüvə arsenalına malikdir. Hesab edirəm ki, bu sadəcə əzələ nümayişidir. Burada əsas məqsəd Rusiyaya göstərməkdir ki, nüvə dövləti olmaqla öyünmə, biz də bu savaşa hazırıq. Bununla Rusiyanın əlində olan əsas üstünlüyü neytrallaşdırmaq niyyəti güdülür.

Eyni zamanda Qərb ölkələri nüvə güclərini artırmaqda davam etdiklərini nümayiş etdirirlər. Lakin bütün bunlara baxmayaraq, mən hesab edirəm ki, nüvə müharibəsi baş verməyəcək. Bu silaha sahib ölkələr onun dəhşətini yaxşı bildikləri üçün belə bir addım atmazlar.

80 il əvvəl, insan haqlarından və demokratiyadan danışan ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarının nəticələri hələ də davam edir. Həmin ərazilərdə doğulan uşaqların bir çoxu şikəst doğulur, çünki şüalanmanın təsirləri hələ də qalır.

İndiki dövrdə isə mövcud nüvə dövlətləri, Xirosima və Naqasaki üzərinə atılan bombalardan 2500 dəfə güclü nüvə silahları istehsal edə bilirlər. Belə bir müharibəni təsəvvür etmək belə dəhşətlidir. Ona görə də narahat olmağa dəyməz- belə bir müharibə baş verməyəcək”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr