AZ

AFFA rəsmisi: Doğma meydanda daha güclü “Qarabağ” gözləyirik

Bakı, 30 iyul, AZƏRTAC

İstənilən halda “Qarabağ” cütün favoritidir. Təmsilçimiz səfərdəki ilk qarşılaşmada (3:0) üstün oyun nümayiş etdirərək, demək olar ki, mərhələnin taleyini həll etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün “Qarabağ” və İrlandiyanın “Şelburn” komandaları arasında keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

Mütəxəssis Ağdam təmsilçisinin öz oyununu nümayiş etdirərək, yaxşı nəticə ilə növbəti mərhələyə vəsiqə qazanağına inandığını söyləyib: “Sözsüz ki, doğma meydanda daha güclü “Qarabağ” gözləyirik. Mövsümün əvvəli olduğu üçün istədikləri futbolu oynaya bilmədiklərini düşünürəm. Ona görə də bu dəfə daha səlist və nizamlı performans izləmək istəyirik. Buna baxmayaraq, rəqib kifayət qədər zəifdir. Kollektiv şəklində yaxşı təsir bağışlasalar da, futbolçuların fərdi bacarıqları yüksək səviyyədə deyil. Bu səbəbdən Ağdam klubunun texniki və taktiki baxımdan üstünlüyü açıq-aşkar hiss olunur. Lakin ilk matçda da gördük ki, rəqib komandanın futbolçuları zaman-zaman “Qarabağ”ın qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdılar. Bəzi anlarda qol vurmağa çox yaxın idilər. Çox güman ki, Bakıdakı görüşdə də bənzər vəziyyətlər yaşana bilər. Məhz buna görə komandamızın tam diqqətli və intizamlı çıxış etməsi vacibdir. Artıq bu matçdan sonra növbəti rəqibi düşünmək lazımdır”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Şelburn” görüşü saat 20:00-da başlayacaq. Bu cütün qalibi III təsnifat mərhələsində FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

 

Seçilən
4
2
azertag.az

3Mənbələr