Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Ankarada hava limanında şəxsən qarşılayıb. Protokol qaydalarından kənar bu mehriban və simvolik qarşılanma anı üzərindın 2 gün keçəndən sonra sosial şəbəkələrdə və türk dünyasında böyük rezonans doğurub.
Paylaşılan videoda Ərdoğanın Tokayevin əlindən tutaraq birlikdə yeridiyi, yolboyu səmimi söhbət etdiyi görünür. Prezidentlərin əl-ələ verərək addımlaması, hərbi qarşılama mərasimi və isti münasibətləri qardaş ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyib.
Bu səhnələr türk dünyasının birliyi və həmrəyliyi baxımından böyük simvolik mənaya malikdir. Ekspertlər bu jesti “qardaşlığın əli”, “Türk dövlətləri arasında parçalanmaz bağın göstəricisi” kimi şərh edirlər.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan daha əvvəl də Laçın və Bakı səfərlərində Azərbaycan Prezidenti İlham Əliyevin, Xankəndidə isə Pakistan Baş naziri Məhəmmıd Şahbaz Şərifin əlindən tutaraq birlik mesajı vermişdi.
Tokayevin Türkiyəyə bu səfəri Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hava limanındakı bu görüntülər isə bu siyasi əməkdaşlığın təkcə rəsmi sənədlərlə deyil, şəxsi hörmət və qardaşlıqla möhkəmləndiyini göstərdi.