AZ

Azərbaycanın "Chabiant" şərabı "Decanter World Wine Awards" müsabiqəsində yüksək qiymətləndirilib — FOTOLAR

2025-ci ilin iyun ayında Azərbaycan şərab istehsalçısı "Chabiant" ("İsmayıllı Şərab-2" ASC) dünyanın ən nüfuzlu və prestijli şərab müsabiqələrindən biri olan "Decanter World Wine Awards"da (DWWA) böyük uğura imza atıb. Bu müsabiqə cari ilin yazında keçirilib. Yarışın nəticələrinə görə, "Chabiant Madrasa 2021" və "Chabiant Saperavi-Cabernet Sauvignon 2021" gümüş medala layiq görülüb və müvafiq olaraq 90 və 94 bal toplayıb (100 ballıq şkala üzrə). Bu sadəcə mükafat deyil, bu, Azərbaycanın artıq dünya şərabçılıq ölkələri sırasında yer alması barədə dünya şərab ictimaiyyətinə verdiyi mesajdır.

"Chabiant Madrasa 2021" xüsusi diqqətəlayiqdir, bu şərab Azərbaycanın (İsmayıllı, Ağsu və Şamaxı rayonları) regionlarında yetişdirilən yerli "Madrasa" üzüm növündən hazırlanıb. Bu, "Madrasa" üçün beynəlxalq arenada əldə olunmuş ən yüksək qiymətləndirmədir və bu uğur yalnız üzüm sortunun potensialını deyil, həm də Azərbaycanın şərabçılıq imkanlarını qlobal şərab xəritəsinin bir parçası kimi nümayiş etdirir.



"DWWA 2025" münsiflər heyəti 57 ölkədən olan 248 ekspert, o cümlədən 22 şərab seçimi, təqdimatı və uyğunlaşdırılması üzrə peşəkar mütəxəssis və 72 şərab ustasından ibarət olub (hazırda dünyada bu titula sahib cəmi 419 nəfər var). Bu, müsabiqə tarixində rekord göstəricidir. Müsabiqə 2004-cü ildən Londonda keçirilir və dünyanın ən nüfuzlu dequstasiya yarışı hesab olunur. Bu yarış istehlakçıların, idxalçıların və tənqidçilərin zövq və seçimlərinə ciddi təsir göstərir.

"Chabiant Madrasa 2021" yerli xarakterin həqiqi ifadəsidir və sanki Azərbaycanın genetik şərab kodunu özündə daşıyır. Bu şərabın fərqliliyi ondan ibarətdir ki, parlaq meyvə aroması mineral təmizlik və zərif məxməri tekstura ilə birləşir, beləliklə, onun təbii autentikliyini və incə üslubunu önə çıxarır.



"Chabiant Saperavi-Cabernet Sauvignon 2021" isə 94 xal toplayaraq gümüş medal əldə edib və üst səviyyəyə çatıb. Ekspertlərin qeyd etdiyi kimi, bu şərab dərinlik və zərifliyi bir araya gətirir: aromatında yetişmiş böyürtkən və incə ədviyyə notları, dadında isə harmonik tanin strukturu və dərin ləzzət hiss olunur. Bu şərab uzunmüddətli saxlanma potensialına malikdir və zaman keçdikcə daha incə zövq və keyfiyyət qazanacaq.

"Chabiant"ın "DWWA 2025"dəki qələbəsi sadəcə bir brendin uğuru deyil, bütün Azərbaycan şərabçılığı üçün güclü bir təkan oldu. "Madrasa" üzümləri artıq rəsmi olaraq qlobal şərab terminologiyasına daxil edilib. İnanırıq ki, yaxın zamanda dünyaya Azərbaycanın digər dəyərli yerli üzüm sortları - Bayanşirə, Xındoqnı, Şirvanşahı və digərləri də təqdim olunacaq. Onların hər biri mütləq dünya şərab xəritəsində öz layiqli yerini tutacaq.



Seçilən
30
2
demokrat.az

3Mənbələr