AZ

"Böyük Qayıdış" prosesi Azərbaycanın ən böyük dövlət proqramlarından biridir " - EKSPERT ŞƏRH ETDİ

“İşğaldan azad olunmuş ərazilərə köçürülmə prosesi və xüsusilə Cəbrayıl şəhərinə ailələrin yerləşdirilməsi Azərbaycanın dövlətçilik strategiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin tapşırığına uyğun həyata keçirilən "Böyük Qayıdışa" dair Dövlət Proqramı yalnız sosial layihə deyil, həm də ölkənin milli təhlükəsizliyini və bölgədə dayanıqlı inkişafı təmin edən siyasi addımdır". Bu sözləri SİA-ya açıqlamasında ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, 44 ailə – 166 nəfərin Cəbrayıl şəhərinə köçürülməsi ilk baxışdan kiçik rəqəm kimi görünə bilər, lakin bu, prosesin planlı və davamlı şəkildə həyata keçirildiyinin göstəricisidir. Çünki həmin ərazilərdə bərpa işləri genişmiqyaslıdır və infrastrukturun yaradılması, yaşayış binalarının tikintisi, su, qaz, elektrik xətlərinin tam şəkildə bərpası zəruridir. Dövlətin bu addımları mərhələli şəkildə atması sakinlərin təhlükəsiz və rahat yaşayışını təmin etmək məqsədi daşıyır: "Bu köçlər həm də siyasi baxımdan əhəmiyyətlidir. İşğaldan azad edilmiş torpaqlara əhalinin yerləşdirilməsi həmin bölgələrin boş qalmamasını təmin edir və bu ərazilərdə iqtisadi və sosial həyatın canlanmasına şərait yaradır. Eyni zamanda, Ermənistanla sərhəd bölgələrində əhalinin məskunlaşdırılması strateji əhəmiyyət daşıyır və dövlətin suverenliyini daha da möhkəmləndirir. Əlavə olaraq qeyd etmək lazımdır ki, Cəbrayıl şəhərinin yenidən qurulması yalnız yaşayış binaları ilə məhdudlaşmır. Şəhərdə yeni iş yerləri yaradılır, sosial obyektlər, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri inşa olunur. Bu da köçən vətəndaşların burada uzunmüddətli və komfortlu yaşaması üçün əsaslı zəmin yaradır.

Bütün bunlar göstərir ki, "Böyük Qayıdış" prosesi Azərbaycanın ən böyük dövlət proqramlarından biridir və gələcəkdə işğaldan azad edilmiş bütün ərazilərin bərpa olunaraq, vətəndaşların doğma yurdlarına qayıtması ilə nəticələnəcək. Bu isə yalnız Azərbaycan üçün deyil, bütün region üçün yeni bir inkişaf mərhələsinin başlanğıcı olacaq".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
25
sia.az

1Mənbələr