“Azərbaycanda mühasibatlıq sahəsi iqtisadiyyatın əsas dayaqlarından biri olsa da, bu sahəyə nəzarət və tənzimləmə baxımından ciddi boşluqlar mövcuddur. Hazırda istənilən şəxs heç bir peşə hazırlığı və ya sertifikat olmadan “mühasib” adı ilə fəaliyyət göstərə, xidmət təklif edə və şirkətlərin taleyinə birbaşa təsir edə bilir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov “Linkedin” hesabında yazıb.
Onun sözlərinə görə, mühasibatlıq sahəsindəki mövcud problemlər, həm dövlət, həm də özəl sektor üçün ciddi təhlükələr yaradır:
“Müqayisə üçün:
- Sığorta agentləri üçün – Mərkəzi Bank tərəfindən attestasiya və icazə tələb olunur.
- Auditorlar üçün – Audit Palatası tərəfindən lisenziya verilir.
- Turizm agentlikləri üçün – Turizm Bürosu və nəqliyyat icazələri tələb olunur.
- Vəkillər üçün – Vəkillər Kollegiyasının üzvlüyü şərtdir.
Amma mühasibatlıq sahəsində bu cür minimum nəzarət mexanizmi belə yoxdur!
Nəticə nədir?
- Yüzlərlə şirkət vergi riskləri ilə üz-üzə qalır.
- Qanunsuz əməliyyatlar bilavasitə şirkət rəhbərliyini məsuliyyətə cəlb edə bilər.
- Sahibkarlar “ucuz mühasib” seçiminin acı nəticələrini sonradan anlayırlar”.
Anar Bayramov sözügedən problemlərin həlli ilə bağlı təkliflərlə də çıxış edib:
“- Mühasiblər üçün minimum peşə standartı və reyestr tətbiq olunmalıdır.
- Sertifikatlaşma (məsələn, ACCA, CPA və ya yerli model) məcburi hala gətirilməlidir.
- Xidmət göstərmək istəyən fiziki və hüquqi şəxslər qeydiyyatdan keçərək icazə almalıdır.
- Qiymət dampinqinə və qeyri-peşəkar rəqabətə qarşı rəsmi nəzarət mexanizmi qurulmalıdır”.
Anar Bayramov nəticə olaraq qeyd edib ki, Azərbaycanda mühasibatlıq sahəsində nəzarət mexanizminin qurulmaması həm dövlət gəlirlərinə, həm də sahibkarların təhlükəsizliyinə zərbə vurur. Bu sahəyə nəzarət gələcəyin maliyyə sabitliyi və şəffaf iqtisadi mühiti üçün zəruridir”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta