Ötən mövsüm avrokuboklarda ən zəif nəticəni göstərən “Qarabağ”da yay “transfer pəncərəsi” dövründə “qabıqdəyişmə” olacağını gözləyirdik. Lakin Ağdam klubu hələ də gözləntiləri qarşılaya bilmir.
Beş futbolçu ilə yolları ayıran “köhlən atlar” cəmi üç transfer edib ki, ikisi yarımmüdafiəçidi, biri də cinah müdafiəçisi. Açıq danışsaq, hazırda komandaya, demək olar ki, hər mövqe üçün transfer lazımdı. Şahruddin Məhəmmədəliyev, Fabian Buntiç və Mateuş Koxalski kimi üç qapıçı olsa da, heç biri böyük hədəflər arxasınca yürüyən komanda səviyyəsində qapıçı deyil.
Müdafiənin sol cinahı ideal vəziyyətdədi. Ölkə çempionatında ən güclü iki cinah müdafiəçiləri – Elvin Cəfərquliyevlə Toral Bayramov Qurban Qurbanovun sərəncamındadı. Mərkəz müdafiəçiləri lazımdı. Hanı? Qocaman Bədav Hüseynov, qeyri-sabit oynayan Bəhlul Mustafazadə və Kevin Medina ilə, məcburiyyətdən mərkəz müdafiəçisinə çevrilmiş Mateus Silva ilə olan işdimi bu? Əsla.Ən azı bir səviyyəli, dayanıqlı, zədəyəmeyilli olmayan stopper lazımdı. Sağ cinah müdafiəsi haqda nəsə demək tezdi. Transfer olmayacağı isə dəqiqdi. Dani Bolt transferi edilib. Yəqin ki, uğurlu olacaq. Komandaya uyğunlaşma prosesi başa çatandan sonra isə hər şey göz qabağında olacaq. Yarımmüdafiəyə iki transfer edildi – Pedri Bikalyo və Kris Kuaku. Kuakunun heç yoxlama oyununu da görməmişik. Bikalyo isə “Qarabağ”a layiq futbolçu kimi görünmür. Yoxlama görüşlərində etdiyi səhvlər ya səviyyəsinin aşağı olmasından irəli gəlir, ya hələ də komandaya uyğunlaşmamasından. Ümid edək ki, ikinci variantdı.
Digər yarımmüdafiəçilər Marko Yankoviç, Aleksey İsayev və Kadi Borgesdi. Alekseyin əsas heyətdə oynamaq gücünün nə dərəcədə olduğunu demək çətindi. Çox güman, yeni transfer Kris Kuaku məhz o mövqeyə transfer edilib.Kadi və Yankoviç ilə bağlı problem yoxdu. Sağ cinah vingerlərində də problem görünmür. Leandro Andrade komandanın sağ cinahında iş görən, gələn mövsüm də görə biləcək futbolçudu. Onu əvəzləyən Aleksey Kaşuk da yoxlama görüşlərində özünü yaxşı tərəfdən göstərə bilir. Sol cinahda da komandanın illərdi lideri olan, əvəzedilməz Abdulla Zubir var. Sanki artıq Zubirlə sağollaşmağın vaxtıdı. Komandadan göndərilməsə də, yerinə səviyyəli vinger gətirilməlidi. Oranı hələ də Zubirə həvalə etmək olmaz. Ötən mövsümü də yüksək səviyyədə keçirmədi. “Bude/Qlimt”lə oyun xaric ötən mövsüm avrokuboklarda özünü yaxşı tərəfdən göstərə bilmədi. Azərbaycan çempionatı isə bu komanda üçün göstərici olmalı deyil. Əvəzedicisi Rüstəm Əhmədzadə heç “Zirə”də əsas heyətə düşə bilmirdi.
Gəldik komandanın ən yaralı nöqtəsinə - hücumun mərkəzinə.. Ötən mövsüm başlayanda dörd hücumçu var idi - Juninyo, Redon Cica, Nəriman Axundzadə və Musa Qurbanlı. İndi isə ikisi qalıb. Komanda hələ də mərkəz hücumçusu transfer etməyib. Daha pisi: komandaya gələndə avrokuboklarda ardıcıl qol vuran, qol duyumu yüksək olsa da, lazımi qədər şans qazanmayan Cica da getdi. Görünən qədəri ilə çoxdan getmək istəyirdi. Çünki layiq olduğu şansı qazanmırdı.
Ümumiyyətlə, Ağdam təmsilçisi nə düşünür, necə düşünür, nə edəcək, necə edəcək – bunları demək çətindi. Portuqaliya çempionatının aşağı dəstəsindən başqa liqa yoxdumu? Yoxsa klub həmin liqa ilə müqavilə bağlayıb? Skautlar niyə başqa heç bir ölkəni görmür? Qurban Qurbanovun və komandasının işi gələn mövsüm daha çətin olacaq. Hər halda, indiyə qədər yaşananlar bundan xəbər verir.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta