Ağdam, 30 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdamın düzənlikləri boyunca yol aldıqca gözlərimiz təbiətin sükutuna, torpağın doğmalığına dəyir. Bir vaxtlar səssiz-səmirsiz qalan, illərlə düşmən tapdağında inləyən bu torpaqlarda indi həyat canlanır. Kəngərli kəndinə çatanda isə bu canlanmanın, bu dönüşün ən bariz mənzərəsi ilə qarşılaşırıq – doğma yurduna qayıdan insanların sevinc dolu çöhrəsi.
Kəngərli kəndi işğaldan sonra keçmiş məcburi köçkünlərin yerləşdirildiyi ikinci kənddir. Burada 292 fərdi ev tikilib, məktəb, uşaq bağçası, səhiyyə məntəqəsi, mədəniyyət evi və digər zəruri infrastruktur obyektləri istifadəyə verilib. Kəndə elektrik, su, qaz, rabitə xətləri çəkilib. Qısası, həyat burada yenidən qurulub, doğma torpağa nəfəs verilib.
Kəndin mərkəzi küçəsi ilə addımlayırıq. Günəşli iyul gününün istisində həyətlərdə gül-çiçəyə qulluq edən kəndlilərlə qarşılaşırıq. Hər kəsin çöhrəsində bir rahatlıq, bir qürur var. Salamlaşırıq, gözaydınlığı veririk. Onlar bizi mehribanlıqla qarşılayır, samovar çayına dəvət edirlər.
Doğma yurda dönənlərdən biri - ailə başçısı Əli Salmanov kəndlərindən, yaradılan şəraitdən məmnunluqla danışır, köçkünlük illərinin çətinliklərindən sonra gözəl günlərə çıxdıqlarını, ən əsası isə mənəvi rahatlıq tapdıqlarını bildirir: “Kəndimiz işğal olunandan sonra Ağcabədi rayonunda çadırlarda, daxallarda çətin şəraitdə yaşadıq. Sonra Ağdam rayonunun Quzanlı-1 qəsəbəsində evlə təmin olunduq. İndi isə doğma yurdumuz Kəngərlidəyik. Bu hissi sözlə ifadə etmək çətindir. 30 ildən artıq bu yurdun həsrəti ilə yaşamışıq. Havasının, suyunun həsrətini çəkmişik. Həmişə uzaqdan kəndimizə tərəf baxıb doluxsunmuşam, ağlamışam... İllər keçsə də, bir gün doğma kəndimizə qayıdacağımıza inamımızı itirməmişdik. İnanırdıq ki, biz qayıdacağıq. Elə də oldu, Allah şəhidlərə rəhmət eləsin, qazilərə cansağlığı versin. Prezidentimizin uzaqgörən siyasəti və qətiyyəti nəticəsində biz 32 ildən sonra müasir Kəngərliyə qayıtdıq. Burada şəraitimiz gözəldir, ürəyimizcədir. Gözəl günlərə çıxmışıq. Mən, həyat yoldaşım və qızım işləyirik, oğlun isə Ağcabədi Pedaqoji Universitetində təhsil alır”.
Ailənin xanımı Kəmalə Məmmədova yenidən doğma torpaqlarda yaşadığı və müəllimlik fəaliyyətini davam etdirdiyi üçün özünü xoşbəxt hesab etdiyini deyir: “Uzun illər Vətən həsrəti ilə yaşamışıq. Hər günümüz bu torpaqlara qayıtmaq ümidi ilə keçib. Şükürlər olsun bu günə ki, biz artıq doğma Vətənimizdəyik. Azərbaycanın hər bölgəsi bizim üçün əzizdir. Ancaq Qarabağın yeri bir başqadır. Övladlarımızı köçkünlük illərində çətinliklə böyütmüşük. Ancaq onların hamısı təhsil alıb. Bu gün mən sevinirəm ki, övladlarım da şagirdlərim də Qarabağda yaşayır, burada çalışırlar. Bu bizim üçün böyük qürur hissidir. Biz doğma torpaqlara qayıtdığımız üçün Prezidentimizə minnətdarlığımızı bildirir, şəhidlərin ruhu qarşısında baş əyir, qazilərə cansağlığı diləyirik. Biz xoşbəxtik ki, doğma torpağımızda yaşayırıq. Böyük qürur hissi keçirirəm ki, işğaldan azad olunmuş torpaqlarda gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olacağıq”.
Onların övladı Firəngiz Salmanova da müəllimdir. Kəngərli kəndində kimya fənnini tədris edəcək. “Bakı Dövlət Universitetinin kimya müəllimliyi ixtisasını bitirmişəm. İnşallah sentyabrda Kəngərli kənd tam orta məktəbində işə başlayacam. Azad olunmuş torpaqlarda müəllimlik etmək qürurverici hissdir”, – deyə o bildirib.
Ailənin digər övladı İbrahim isə Ağcabədi Pedaqoji Universitetində fizika müəllimliyi ixtisası üzrə dördüncü kursda təhsil alır. Onun da arzusu doğma kəndlərində müəllim işləməkdir.
Bu ailənin timsalında biz bir xalqın dirənişini, torpağa bağlılığını, ruhunun sınmadığını gördük. Onlar nəinki qayıdıblar, həm də gələcəyi burada – Kəngərlidə qururlar. Buradan ayrılarkən bir həqiqət daha aydın görünür. Kəngərli sadəcə bərpa olunmuş bir kənd deyil, həm də bir xalqın ruhunun, iradəsinin, vətən sevgisinin abidəsidir. Bu gün Kəngərlidə yalnız evlər deyil, insanın içində illərlə ucaltdığı ümidlər də gerçəyə çevrilir.