İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rezainin “SNN” telekanalına müsahibəsində Azərbaycanla bağlı sözləri diqqət çəkib. Rezai bildirib ki, Bakının bəzi açıqlamalarında səsləndirilən planlar gerçəkləşərsə, İran qonşularından biri olan Ermənistanı itirə bilər. Bu isə Tehranın milli maraqlarına ziddir.
Rezai həmçinin Ermənistanın hazırkı hökumətinin Zəngəzur bölgəsini qorumaq gücündə olmadığını söyləyib və regionun gələcəyinin yalnız Qafqaz ölkələri tərəfindən dialoq yolu ilə həllinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, İran prezidentinin mövqeyi də bu məsələdə İslam Respublikasının rəsmi baxışı ilə üst-üstə düşür. Maraqlıdır ki, paralel olaraq İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ardıcıl şəkildə Zəngəzur dəhlizi ilə bağlı mənfi fikirlər səsləndirir.
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli qeyd edib ki, son günlər İranın ali rəhbərliyinə yaxın fiqurlar, o cümlədən dini lider Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti və digərlərinin Zəngəzur dəhlizi ilə bağlı bəyanatları diqqət çəkir:
“Sözügedən çıxışlarda dəhlizin açılmasının Tehran-İrəvan münasibətlərinə mənfi təsir edəcəyi, İranın regional mövqeyinin zəifləyəcəyi və hətta sərhədlərin dəyişdirilməsi ilə nəticələnəcəyi kimi əsassız iddialar irəli sürülür. Bu, ilk növbədə İranın daxilində və regionda yaşadığı strateji tənəzzülün ideoloji müstəvidə kompensasiyası kimi görünür.
Əli Əkbər Vilayətinin Ermənistanla İran arasındakı münasibətləri “Əhəmənilər və Parfiya dövrünə” bağlaması, bu əlaqələrin dərin tarixi və strateji əsaslara söykəndiyini vurğulaması isə İranın panfarsist mühafizəkar qrupları üçün Ermənistanın yalnız geoiqtisadi deyil, həm də vahid türk etnosuna qarşı bölücü “mədəni-siyasi tampon məkan” funksiyası daşıdığını göstərir.
Lakin heç bir faktoloji əsası və perspektivi olmayan bu poetik romantizm tarixi və mövcud reallıqlarla tamamilə ziddiyyət təşkil edir. Xüsusilə regionun yenidən dizayn olunduğu və yeni güc mərkəzlərinin meydana çıxdığı bir dövrdə, ultramillətçi panariizm düşüncəsindən qaynaqlanan iddialar ən yaxşı halda geosiyasi rəvayət kimi qiymətləndirilə bilər.
Azərbaycanın təşəbbüsü ilə reallaşdırılması planlaşdırılan Zəngəzur dəhlizi, ölkənin əsas ərazisi ilə Naxçıvan arasında multimodal əlaqəni təmin etməyi hədəfləyir. Əksər beynəlxalq ekspertlər və politoloqlar bu dəhlizin eksterritorial status daşımadığını, ərazi bütövlüyü və suverenlik prinsiplərinə zidd olmadığını vurğulayırlar.”
Elçin Mirzəbəyli
Deputat əlavə edib ki, İranın bəyan etdiyi geosiyasi eqoizmdən doğan iddialarErmənistanın ikiyə bölünəcəyi, iki ölkənin sərhədinin bağlanacağı və İranın Qafqaza çıxışının məhdudlaşacağı kimi mülahizələr texniki və hüquqi baxımdan əsassızdır:
“Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütövlükdə Orta Dəhliz təşəbbüsünün mühüm tərkib hissəsidir. Bu dəhliz vasitəsilə Çin-Türkiyə-Avropa xətti üzrə nəqliyyat marşrutlarının sürətlənməsi, enerji və logistika əlaqələrinin şaxələndirilməsi mümkündür. İranın isə artıq alternativ çıxış yolları və resurs əlaqələri mövcuddur.
İranın Fars körfəzi və Oman dənizi vasitəsilə dünya okeanına birbaşa çıxışı, quru yolu və Xəzər dənizi üzərindən Şərq-Qərb dəhlizinə inteqrasiya imkanları, eləcə də Aralıq dənizinə çıxışı təmin edən İraq və Suriya istiqamətləri mövcuddur.
Bu mənada, Zəngəzur dəhlizinin ona iqtisadi təhdid yaratdığı barədə bəyanatları reallıqdan uzaq, spekulyativ və siyasi xarakter daşıyır”.
E.Mirzəbəyli vurğulayıb ki, Bakı üçün İranın sərt ritorikası yeni deyil və Tehran uzun illərdir Azərbaycanla bağlı mövqeyində ikili standartlardan istifadə edir:
“İranın Ermənistanla iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığı, Azərbaycanla münasibətlərin səmimiyyətinə şübhə yaratmaqla yanaşı, Cənubi Qafqazdakı balansı pozmağa yönəlib. Azərbaycan isə bu prosesə praqmatik və milli maraqlara əsaslanan yanaşma sərgiləyir.
Zəngəzur dəhlizi regional əməkdaşlıq üçün açar infrastruktur kimi təqdim olunur. Proses hərbi-siyasi yox, iqtisadi və logistik platformaya əsaslanır. Bakı qonşu dövlətlərin bu təşəbbüsdən faydalanmasını istisna etmir, əksinə, əməkdaşlığa açıq olduğunu nümayiş etdirir.
İranın sərt ritorikası bölgədə dəyişən geosiyasi və geoiqtisadi reallıqlara uyğunlaşmaqda çətinlik çəkən, ideoloji tənəzzül yaşayan bir ölkənin gücsüzlükdən doğan aqressiyasının əlamətidir. Tehran bu prosesin qarşısını nə hüquqi, nə iqtisadi, nə də siyasi cəhətdən ala bilməz. Üstəlik, bu dəhlizin reallaşması regionda sabitliyə və qarşılıqlı inteqrasiyaya xidmət edir.
Azərbaycan isə prosesdə sabitləşdirici güc rolunda çıxış edir. Zəngəzur dəhlizi nə Ermənistanı parçalayır, nə də İranı bloklayır. Əksinə, regionu birləşdirən və əməkdaşlıq imkanlarını artıran strateji layihədir.”