ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün Rusiyaya verdiyi 10 günlük vaxt beynəlxalq arenada narahatlıq doğurub. Bir çox siyasi ekspertlər Trampın son addımını potensial eskalasiyanın xəbərçisi kimi qiymətləndirir və ehtimal edirlər ki, əgər ABŞ-nin növbəti sanksiyaları da effekt verməsə, Ukrayna ərazisində ABŞ və Rusiya ordularının birbaşa qarşı-qarşıya gəlmə ehtimalı yüksələcək.
Politoloq Əlimusa İbrahimov Sfera.az saytına verdiyi açıqlamada bildirib ki, əvvəllər müəyyən edilmiş 50 günlük vaxtın 10-12 günə endirilməsi gözlənilən idi:
"NATO üzrə müttəfiqlər və Avropa ölkələri bu müddətin Rusiyanın maraqlarına xidmət etdiyini Trampa izah etməyə çalışırdılar. ABŞ Dövlət Departamentinin də 50 günün real olaraq bu qədər davam etməyəcəyinə dair öncədən işarələr verdiyi qeyd edilir".
İbrahimovun sözlərinə görə, Trampa olan siyasi və ictimai təzyiqlər nəticəsində ABŞ rəhbərliyi Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasına başlayıb. Bu sanksiyalar birbaşa Rusiyaya deyil, onun ticarət müttəfiqlərinə yönələcək və dolayısı ilə Rusiya iqtisadiyyatına təsir göstərəcək.
Politoloq əlavə edir ki, əgər Vladimir Putin bu sanksiyalardan nəticə çıxarmasa, danışıqlarda güzəşt etməsə və atəşkəsə razı olmasa, növbəti mərhələdə daha sərt addımların atılacağı istisna edilmir. Bununla belə İbrahimov bildirir ki, Rusiya-Ukrayna cəbhəsində ABŞ əsgərlərinin görünməsi hazırkı situasiyada real görünmür:
"Lakin bu addımlar arasında ABŞ hərbçilərinin Ukraynaya göndərilməsi gözlənilmir, çünki Tramp bu varianta əvvəldən qarşı çıxıb. Belə bir addım NATO-Rusiya müharibəsinə və hətta üçüncü dünya savaşına səbəb ola bilər".
Firuzə Əliyeva
Sfera.az