Daxili İşlər Nazirliyi (DİN) Novxanı-Sumqayıt yolunda başverən dəhşətli qəzanın görüntülərini yayıb.
Qeyd edək ki, 28 iyul tarixində gecə saatlarında “Gəmi” restoranının önündə “KİA” və “Lexus” markalı avtomobillər toqquşub. Avtoqəzaya uğrayan avtomobillərin birində sərnişin qismində əyləşən 33 yaşlı Günel Bəylər qızı Hüseynova xəstəxanaya çatdırılsa da, səhər saatlarında vəfat edib.
“Cebheinfo.az” xəbər verir ki, DİN bununla bağlı müraciət edib:
“Yolda özümüzün və başqalarının həyatına biganə qalmayaq! Sürət həddinə, manevretmə qaydalarına əməl etmək hər bir sürücünün vəzifəsidir. Bəzən insan müqəddəratını həll edən bu qaydalara etinasız yanaşmanın aqibəti də yəqin ki, hər kəsə məlumdur.
Təəssüf ki, intizamsızlıq, məsuliyyətsizlik, yaxud səbirsizlik səbəbindən hələ də bu kimi qayda pozuntularının və onların acı nəticələrinin şahidi oluruq. Sumqayıt şəhəri, Sahil küçəsində qeydə alınan bu videogörüntüdəki yol-nəqliyyat hadisəsinə təbii ki, araşdırmalardan sonra hüquqi qiymət veriləcək.
Amma, əfsus ki, kobud qayda pozuntularının müşahidə edildiyi bu qəzada həlak olan sərnişini həyata qaytarmaq mümkün olmayacaq. Dəyərli sürücülər, unutmayın! Tutduğunuz sükan həm də sizin və həyatını sizə etibar edənlərin talehini idarə edir. Özümüzün və başqalarının həyatına biganə qalmayaq!”
"Cebheinfo.az"