AZ

Gündə, sadəcə, 7 min addım atmaq "sağlamlıq risklərini azalda bilər"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Böyük bir araşdırma göstərir ki, gündə 7000 addım atmaq beyin fəaliyyətini artırmağa və müxtəlif xəstəliklərdən qorunmağa kömək edə bilər.

Bu, tez-tez xatırladılan 10 min addımlıq hədəfdən daha real hədəf ola bilər.

Lancet Public Health jurnalında yayımlanan araşdırma göstərir ki, bu rəqəm xərçəng, damar və ürək xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinin riskinin azalması ilə əlaqəlidir.

Tədqiqatçılar deyirlər ki, bu tapıntılar daha çox insanı sağlamlığını yaxşılaşdırmaq üçün addımlarını saymağa təşviq edə bilər.

Tədqiqatın aparıcı müəllifi Dr. Melody Ding deyir: "Bizim belə bir anlayışımız var ki, gündə 10 min addım atmalıyıq, amma bu, sübutlara əsaslanmır".

10 min addım təxminən səkkiz kilometr edir. Lakin bu məsafə hər kəs üçün fərqli olacaq, çünki addım uzunluğu insanın boyuna, cinsiyyətinə və yerimək sürətinə görə dəyişir. Sürətli yeriyən insanlar daha uzun addımlar atmağa meyillidirlər.

"10 000 addım" rəqəmi 1960-cı illərin sonlarında, Yaponiyada başlanan bir marketinq kampaniyasına dayanır. 1964-cü ildə Tokio Olimpiadasına hazırlıq dövründə "manpo-kei" adlı bir pedometr markası təqdim olunmuşdu ki, bu da "10 min addım ölçən cihaz" mənasını verir.

Dr. Ding deyir ki, bu rəqəm "kontekstdən çıxarılıb" və qeyri-rəsmi bir qayda halına gəlib, hansı ki, bir çox fitness izləyiciləri və tətbiqləri bu hədəfi tövsiyə etməyə davam edir.

Lancet tədqiqatı dünyada 160 min yetkin insanın sağlamlıq və fəaliyyətinə dair əvvəlki tədqiqatları və məlumatları təhlil edib.

Gündə 2 min addım atanlarla müqayisədə, 7 min addım atmağın aşağıdakı riskləri azaltdığı aşkar edilib:

Bununla yanaşı, tədqiqatçılar bəzı rəqəmlərin daha az dəqiq ola biləcəyini bildirirlər, çünki onlar yalnız bir neçə tədqiqatdan götürülüb.

Ümumilikdə, onların araşdırması göstərir ki, gündə təxminən 4,000 addım atmaq belə, çox aşağı aktivlik olan 2,000 addıma nisbətən sağlamlığa daha yaxşı töhfə verir.

7,000 addımdan sonra bəzi sağlamlıq problemləri tədricən sabitləşməyə meyillənir, amma ürək üçün daha çox addım atmağın əlavə üstünlükləri var.

"Vacib olan, sadəcə çölə çıxıb gəzməkdir"

Jon Stride deyir ki, o bu hədəfi aşır - çox vaxt gündə 16 min addım atır və BBC-yə verdiyi müsahibədə bunun yalnız rəqəmlərə fokuslanmamalı olduğumuzu vurğuladı.

"Vacib olan, sadəcə, çölə çıxıb gəzməkdir və bu bizim zehni rifahımız üçün əhəmiyyətli fayda gətirir", - o deyir.

64 yaşlı Jon 2022-ci ildə ürək tutması keçirdikdən sonra hər gün gəzintiyə çıxmağa başlayıb - ona ilham verən şəxs isə həyat yoldaşının atası idi, o da həmin yaşda ürək tutması keçirmişdi.

"Dorsetdə kənd tipli şəhərcikdə yaşayıram və səhərlər bir saat yaxşıca gəzirəm. Mən gəzintiyə itsiz çıxan yeganə adamam".

Jon telefonunda addımların sayılmağını həm bir meydan oxuma kimi görür, həm də sağlamlığına yaxşı təsir etdiyini deyir: "Bir səviyyəyə çatanda, düşünürsən ki, daha da çox gəzə bilərsən".

Gündəlik atılan addımların sayını izləmək bəziləri üçün indi məşhur bir məşğuliyyətə çevrilib.

Əksər məşq qaydaları isə addım sayına deyil, fiziki fəaliyyətə sərf olunan vaxta diqqət yetirir.

Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tövsiyə edir ki, yetkinlər hər həftə azı 150 dəqiqə orta səviyyəli aerobik fəaliyyət və ya 75 dəqiqə intensiv aerobik fəaliyyətlə məşğul olsunlar.

Dr. Ding deyir ki, bu tövsiyələri bəzən insanların anlaması çətin ola bilər, lakin mövcud təlimatlar hələ də mühüm bir məqsədə xidmət edir.

"Okean üzgüçüləri, velosiped sürənlər və ya yerimək problemləri olan insanlar var ki, addım ata bilmirlər", - deyə o izah edir.

Amma o əlavə edir ki, insanlara nə qədər addım atmalı olduqları barədə tövsiyələr "əlavə" kimi daxil edilə bilər.

Brunel Universitetinin (London) oturaq həyat tərzi və sağlamlıq üzrə mütəxəssisi Dr. Daniel Bailey bu araşdırmanın gündə 10 min addım atmağın zəruri olması "mifinə" meydan oxuduğunu deyir.

O bildirir ki, 10 000 addım daha aktiv olanlar üçün uyğun bir hədəf olsa da, digərləri üçün 5 000-7 000 arası addım daha "real məqsəd" ola bilər.

Portsmut Universitetindən klinik məşq fiziologiyası üzrə baş müəllim Dr. Andrew Scott isə razılaşır ki, dəqiq rəqəm o qədər də vacib deyil.

O deyir: "Daha çox" həmişə daha yaxşıdır" və insanlar, xüsusilə aktivliyin məhdud olduğu günlərdə konkret bir hədəfə çatmaq barədə çox da narahat olmamalıdırlar".

Londonda yerləşən İmperial Kollecinin professoru Azeem Majeed qeyd edir ki, yaşlı insanlar və ya xroniki sağlamlıq problemləri olanlar üçün daha az addım belə, faydalı ola bilər.

Amma o bildirir ki, "ümumiyyətlə, gəzinti olduqca az səy tələb edən bir fəaliyyətdir", lakin ürək xəstəliyi, artrit və ya xroniki ağciyər xəstəliyi olanlar üçün bu, daha çətin ola bilər.

Bununla belə, o deyir ki, ev işləri görmək — "məsələn, tozsoranla təmizlik və ya bağçılıqla məşğul olmaq" da gündəlik fiziki fəaliyyətin bir hissəsini təşkil edə bilər.

Seçilən
29
bbc.com

1Mənbələr