Vyetnam və Azərbaycan arasında yeni yaradılmış əməkdaşlıq təməli fəal şəkildə həyata keçirilir, ticarət, investisiya və strateji layihələr, eləcə də hər iki ölkənin biznesi üçün geniş perspektivlər açır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanla Vyetnam arasında əldə edilən ən son ikitərəfli razılaşmalara həsr olunmuş məqalədə deyilir. Məqalə “Vietnam Investment Review” nəşrində dərc olunub.
Vyetnamın Sənaye və Ticarət Nazirliyi (MoIT) və Azərbaycanın Energetika Nazirliyi Hanoyda Vyetnam-Azərbaycan iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın üçüncü iclasını keçirib. Bu iclas ikitərəfli əlaqələrin dərinləşdirilməsində mühüm addım olub.
Görüş Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın bu ilin may ayında Bakıya dövlət səfərindən sonra baş tutub. Səfərin yekunları üzrə Bakı və Hanoy münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəlib.
Hökumətlərarası komissiyanın iclasının yekunu üzrə tərəflər 2025-2027-ci illər üçün təxminən 60 konkret təşəbbüsü əhatə edən 17 əsas əməkdaşlıq istiqamətini razılaşdırıblar. Energetika, ticarət, investisiya, kənd təsərrüfatı, yüksək texnologiyalar və nəqliyyat prioritet sahələr olaraq müəyyən edilib.
"Hər iki tərəf neft-qaz sektorunda əməkdaşlığı gücləndirmək niyyətini təsdiqləyib və bunu strateji uzunmüddətli prioritet kimi qiymətləndirib. Onlar iki nazirlik arasında imzalanmış Enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu səmərəli şəkildə həyata keçirməklə bağlı razılığa gəliblər", - belə Vyetnamın Ticarət və Sənaye Nazirliyinin Xarici bazarların inkişafı departamentində görüşü şərh ediblər.
Nəşr qeyd edir ki, Azərbaycan dünyada neft və təbii qazın böyük istehsalçısı və ixracatçısı kimi tanınır. Bu ölkədə neft və qaz hasilatı zəngin tarixə malikdir, paytaxt Bakı isə mexanikləşdirilmiş neft hasilatı və nəqlinin beşiyi hesab olunur.
Həmçinin qeyd olunur ki, bir neçə il bundan əvvəl Vyetnamın “PetroVietnam” neft və qaz korporasiyası Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə strateji əməkdaşlığa dair saziş imzalayıb.
Hökumətlərarası komissiyanın iclasının gündəliyində bərpa olunan enerji mənbələri, enerji keçidi, İKT və süni intellekt sahələrində birgə layihələr də yer alıb.
Bununla yanaşı, tərəflər müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensivləşdirilməsi, iqtisadi forumlar və seminarların keçirilməsi, eləcə də iki ölkənin biznesləri arasında birbaşa əlaqələri dəstəkləmək üçün Vyetnam-Azərbaycan Biznes Şurasının yaradılması barədə razılığa gəliblər.
Müzakirələr çərçivəsində qarşılıqlı investisiyalar və ticarət üçün daha əlverişli hüquqi şərtləri təmin edəcək sazişlərin, o cümlədən investisiyaların qorunması haqqında müqavilə və məhsulların sertifikatlaşdırılması və standartların tanınması haqqında sazişin hazırlanması ilə bağlı tədbirlər təklif edilib.
Vyetnamın sənaye və ticarət naziri Nquyen Hoanq Lonq hökumətlərarası komissiyanın iclasının sonunda qeyd edib ki, iki ölkənin iqtisadiyyatları qarşılıqlı tamamlayıcı potensiala malikdir. Onun sözlərinə görə, Vyetnam kənd təsərrüfatı, tekstil və elektronika məhsullarınn ixracını artırmağa hazırdır, Azərbaycan isə xam neft, pambıq lifi və yüngül sənaye üçün xammalın perspektivli tədarükçüsü kimi nəzərdən keçirilir.
Vyetnamın Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 702,5 milyon ABŞ dolları təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 730 % çoxdur. 2023-cü ildə 52 milyon ABŞ dollarına qədər azalmaya baxmayaraq, 2024-cü ilin birinci rübündə artım müşahidə olunur: qarşılıqlı ticarətin həcmi 100 milyon ABŞ dollarını ötüb.
Vyetnam Azərbaycana əsasən kompüterlər, mobil telefonlar və ehtiyat hissələri, eləcə də akvakultura məhsulları ixrac edir, Azərbaycandan isə bu ölkəyə xam neft və neft məhsulları idxal olunur.
Nquyen Hoanq Lonq bildirib ki, iki ölkənin iqtisadiyyatı bir-birini tamamlayır. Vyetnam yüngül sənaye və kənd təsərrüfatı məhsulları ixrac edə, Azərbaycan isə tekstil hesabına Vyetnama ixracı artıra bilər.
İclasda qəbul olunmuş birgə bəyanatda qeyd edilir ki, iki ölkə ikitərəfli investisiya və ticarətin inkişafı üçün mövcud mexanizm və əməkdaşlıq çərçivələrindən biznesin səmərəli istifadəsinə kömək edəcək həllərin axtarışını aktivləşdirməyi razılaşdırıblar.
Tərəflər dəmir yolu, dəniz və hava marşrutlarının inkişafı da daxil olmaqla, nəqliyyat sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər. Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun istismarı mühüm istiqamət kimi qeyd edilib.