AZ

Çin hökuməti gənc ailələrə illik 500 ABŞ dolları təklif edir

Çin Xalq Respublikası azalan doğum göstəricilərinin qarşısını almaq və ölkədə yaşlanan əhalinin təsirlərini azaltmaq məqsədilə yeni maliyyə təşviqi proqramına start verib. Rəsmi məlumatlara əsasən, hökumət gənc ailələrə üç yaşına qədər olan uşaqlar üçün illik 3.600 yuan (təxminən 502 ABŞ dolları) məbləğində subsidiya təqdim edir.

Yeni təşəbbüs yanvarın 1-dən geriyə şamil ediləcək və 2025-ci ildən əvvəl doğulmuş lakin üç yaşını keçməmiş uşaqları da əhatə edəcək. Birbaşa nağd ödənişlər valideynlərin doğum və uşaq baxımı ilə bağlı maliyyə yükünü azaltmağa yönəlikdir.

Pekinin CCTV dövlət televiziyası hakim Kommunist Partiyası və Dövlət Şurasının, Çin Nazirlər Kabinetinin qərarına istinadla bildirib ki, bu subsidiyaların daha əvvəl bölgə səviyyəsində həyata keçirilən təşviq proqramlarının əvəzinə, artıq mərkəzi hökumət tərəfindən maliyyələşdirilməsi planlaşdırılır. Siyasətin ölkə üzrə 20 milyondan çox ailəyə fayda verməsi gözlənilir.

Qeyd edək ki, hazırda Çin əhalisinin 60 yaş və üzəri olan təbəqəsi 310 milyona çatıb. BMT-nin son məlumatlarına əsaslanan “Worldometer” platformasının hesablamalarına görə, Çinin ümumi əhalisi təxminən 1,41 milyard nəfərdir.

Demoqrafik tənəzzül dərinləşir

Rəsmi statistikaya görə, Çin əhalisi 2024-cü ildə ardıcıl üçüncü dəfə azalıb. Mütəxəssislər bildirirlər ki, bu tendensiyanın kökləri 1980–2015-ci illərdə tətbiq edilən “bir uşaq siyasəti” və sürətli urbanizasiya ilə əlaqədardır. Bununla yanaşı, ailə qurmaq və uşaq sahibi olmaq istəyinin azalmasında uşaq baxımı və təhsilin yüksək xərcləri, qeyri-sabit məşğulluq və iqtisadi durğunluq kimi amillər də mühüm rol oynayır.

Son iki il ərzində müxtəlif əyalətlərin yerli hakimiyyət orqanları doğum təşviqləri təqdim etməyə başlamışdı. Bu dəstək tədbirləri bir uşaq üçün 1.000 yuandan (təxminən 139 ABŞ dolları) başlayaraq 100.000 yuana (13.931 ABŞ dolları) qədər dəyişən məbləğlər və bəzi hallarda mənzil yardımları da daxil olmaqla həyata keçirilirdi.

Çində aparılan tədqiqatlara əsasən, uşaq böyütmək, gəlir səviyyəsi ilə müqayisədə dünyanın ən yüksək xərc tələb edən proseslərindən biri hesab olunur.

Çin rəsmiləri xəbərdarlıq edir ki, yaxın on il ərzində təxminən 300 milyon nəfər (demək olar ki, ABŞ-ın hazırkı əhalisi qədər) pensiya yaşına çatacaq və bu, ölkənin sosial və iqtisadi yükünü daha da artıracaq. Bu səbəbdən hökumət doğumu təşviq edən “ailə dostu” addımları genişləndirməkdə israrlıdır.

Seçilən
0
veteninfo.az

1Mənbələr