AZ

Minalanmış ərazilərdə yanğın - ANAMA-nın işi çətinləşdi, yoxsa...

Yay fəslinin gəlişi ilə Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə də meşəlik, dağlıq və kolluq ərazilərdə yanğın təhlükəsi yenidən gündəmə gəlib. İyulun ortalarından başlayaraq müşahidə edilən kəskin isti hava şəraiti, güclü küləklər və quraqlıq bir sıra regionlarda alovun qarşısını almağı çətinləşdirir. Təəssüf ki, bu mövsüm də istisna olmadı və artıq bir neçə yerdə fəlakət səviyyəsində meşə yanğınları qeydə alınıb.

Ən narahatedici məqamlardan biri isə budur ki, yanğınların bir qismi işğaldan azad olunmuş ərazilərdə - xüsusilə də minalanmış zonalarda baş verir. Qarabağda bir neçə gündür ki, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlar alovla mübarizə aparır.

Son günlərdə bir neçə nöqtədə mina partlayışları qeydə alınıb. Yanğının temperaturu və alovun təsiri ilə torpaqda gizlədilmiş partlayıcı qurğuların aktivləşməsi faktı həm müdaxilə edən şəxslər, həm də gələcəkdə bu sahələrin təmizlənməsi ilə məşğul olacaq minatəmizləmə qrupları üçün əlavə təhlükə yaradır.

Burada vacib və mübahisəli bir sual meydana çıxır: yanğından sonra mina təmizləmə işləri çətinləşəcək?

Bəzi ekspertlərin fikrincə, yüksək temperaturun təsiri ilə minaların yerini dəyişməsi, torpağın strukturu ilə birgə qurğuların daşıyıcı hissələrinin dağılması onları aşkarlamağı çətinləşdirə bilər. Yəni mina daha dərinə çökə, ətraf mühitlə birləşərək detektorlar üçün "görünməz" ola bilər.

Digər tərəfdən, bəzi minaların partlayaraq sıradan çıxması, yerində kraterlər yaratması həmin ərazinin gələcəkdə təmizlənməsi prosesini nisbətən asanlaşdıra bilər. Lakin bu, çox məhdud sayda minalara aiddir və heç bir halda genişmiqyaslı təhlükənin aradan qalxdığı anlamına gəlmir.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bu istiqamətdə araşdırmalar apardığı və bölgədəki vəziyyəti yerində təhlil etdiyi bildirilir.

Hafiz

Hafiz Səfixanov

Olaylar.az xəbər verir ki, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov "Yeni Müsavat"a açıqlamasında bildirib ki, hazırda yanğın yerindədir və vəziyyətlə bağlı məlumatlıdır: "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə kasetli silahların tədqiqi layihəsini həyata keçiririk. Bununla bağlı işğaldan azad olunmuş ərazilərdə tədqiqatlar aparırıq. Yanğın baş verən ərazilərdə də olduq. Yanğınların bəzilərini müəyyən məsafədən izləmişəm. Yanğınlar nəticəsində Şuşa ətrafında, Böyük Qaladərəsi kəndi ərazisində 5 mina partlayış qeydə alınıb. Ağdam və Ağdərə zonasında da yanğının təsiri nəticəsində bir neçə mina partlayışı olub. Yanğının baş verdiyi ərazilərdə minatəmizləmə işi dayandırılır. Gərək yanğınsöndürənlər öz işlərini bitirsinlər ki, həmin ərazilərdə tədqiqat aparılsın və minatəmizləmə əməliyyatları həyata keçirilsin.Yanğınların baş verməsi əməliyyatlara birbaşa təsir etməsə də, bilavasitə təsir edir. Məndə olan məlumata görə, yanğının yaxınlığında aparılan minatəmizləmə işləri dayandırılıb. Bu isə işləri bir az ləngidir".

H.Səfixanov deyir ki, yanğın nəticəsində minaların yerdəyişməsi baş verməyib:"Minaların miqrasiya problemi müşahidə edilmir. Belə hallar digər texnogen hadisələr, məsələn, zəlzələ, daşqın, sel zamanı baş verir. Yanğın zamanı minalar yer dəyişmir, sadəcə olaraq, plastik korpuslu minaların gövdəsinə müəyyən təsirlər olur. 1994-cü ildə atəşkəslə bağlı müqavilə imzalandıqdan sonra Ermənistan ordusu Azərbaycan ərazisində külli miqdarda özlərinin istehsalı olan plastik gövdəli minalar basdırıblar. Ona görə də yanğın bu növ minaların korpusunu yandırır. Metal korpuslu minaların gövdəsində isə korroziya yaradır. Bu isə sonrakı əməliyyatlar zamanı mina təmizləyənlərin daha diqqətli olmasını tələb edir. Çünki bu minaların müəyyən hissələri açıq vəziyyətdə olur və partlayışa daha həssas olur".

Birlik sədri qeyd edir ki, yanğının baş verdiyi bütün ərazilərdə partlayıcılar aktivləşib: "Bütün zonalarda bu məsələ aktuallığını saxlayır. Yanğın minatəmizləmə işlərində çətinlik yaradıb, amma bizim mina təmizləyənlər peşəkardırlar, əməliyyat zamanı nəzərə alacaqlar".

ANAMA mütəxəssisləri bildirirlər ki, yanğın zamanı bəzi partlayıcıların aktivləşib partlaması ərazinin minadan təmizlənməsi demək deyil.

"Yeni Müsavat"ın əldə etdiyi məlumata görə, hazırda yanğının baş verdiyi ərazilərə yaxın yerlərdə yaşamaq və işləmək təhlükəli olduğu üçün əhali müvəqqəti olaraq köçürülüb və işlər dayandırılıb. Hazırda Ağdərə rayonunun Talış kəndində yanğınlar davam edir. Ağdərədən Ağdama gedən istiqamətdə, Ağdamın yuxarı hissələrində şiddətli yanğınlar var. Bu ərazilər meşə massividir, orada mina olsa da, hazırda minatəmizləmə işləri aparılmır. Hazırda hər kəs yanğın ərazisindən kənara aparılıb. Yanğın yerinə helikopterlər cəlb olunub. 

Qeyd edək ki, azad olunan ərazilərdə iyulun 14-dən 20-nə qədər 6 tank əleyhinə mina, 73 piyada əleyhinə mina, 178 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Məlumata əsasən, 1641 hektar ərazi minalardan təmizlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
1
olaylar.az

2Mənbələr