Hollandiyada məktəblərin böyük əksəriyyətində ibtidai sinif şagirdlərinə ev tapşırığı verilmir və dərs materialının mənimsənilməsi əsasən sinif daxilində həyata keçirilir.
AzEdu.az-ın əldə etdiyi məlumata əsəsan bu yanaşma artıq illərdir ölkənin təhsil sistemində tətbiq olunur və xüsusilə şagirdlərin məktəbdənkənar vaxtlarını daha səmərəli keçirmələri baxımından önəm daşıyır.
Orta məktəb səviyyəsində isə ev tapşırıqları olduqca az miqdarda verilir. Əldə olunan məlumatlara görə, şagirdlər həftə ərzində ev tapşırıqlarına orta hesabla 3 saatdan bir qədər artıq vaxt sərf edirlər. Bu yanaşma dərsdənkənar yüklənmənin qarşısını almağa və uşaqların emosional rifahının qorunmasına xidmət edir.
Müvafiq qaydaların məqsədi şagirdlərin məktəb saatlarında dərs materialını tam şəkildə mənimsəməsini təmin etmək və ev şəraitində əlavə təzyiqə məruz qalmalarının qarşısını almaqdır. Həmçinin, bu sistem valideynlərlə daha çox sosial ünsiyyət, şəxsi maraqlara zaman ayırmaq və psixoloji rahatlıq baxımından da müsbət qarşılanır.
Bununla yanaşı, bəzi mütəxəssislər və müəllimlər bu modelin müəyyən risklər daşıdığını bildirirlər. Onların fikrincə, ev tapşırığının tamamilə olmaması şagirdlərdə məsuliyyət hissinin formalaşmasına və müstəqil öyrənmə bacarığının inkişafına mənfi təsir göstərə bilər. Eləcə də, ali təhsil və əmək bazarına keçid zamanı tələb olunan nizam-intizam vərdişlərinin zəifləməsi mümkündür.
Aparılan beynəlxalq araşdırmalar da göstərir ki, xüsusilə yuxarı siniflərdə məhdud, amma planlı şəkildə verilən ev tapşırıqları şagirdlərin akademik göstəricilərinə müsbət təsir edə bilər. Bununla belə, tapşırığın həddindən artıq olması isə əks təsir doğuraraq stres, yuxusuzluq və motivasiya azalmasına səbəb ola bilər.
Qeyd edək ki, Hollandiyada təhsil alan şagirdlərin beynəlxalq qiymətləndirmələrdə yüksək nəticələr göstərməsi bu modelin effektivliyinə dair müsbət nümunə kimi dəyərləndirilir. Lakin modelin uğuru, əsasən, sinifdə effektiv dərs keçilməsi, müəllim hazırlığı və təlim metodikasının düzgün qurulması ilə sıx əlaqəlidir.
Azərbaycanda bu yanaşmanın tətbiqi məsələsi müzakirəyə açıq qalır. Ekspertlər hesab edirlər ki, ölkəmizdə də ev tapşırıqlarının həcmi və məqsədi üzərində düşünülməsi, şagirdlərin balanslı şəkildə yüklənməsi baxımından əhəmiyyətli ola bilər.