"Putin və Lavrovun ritorikası bu gün son dönəm Miloşeviç Serbiyasının dili ilə təəccüblü dərəcədə oxşardır..."
Rusiya xarici işlər naziri Sergey Lavrov uzun illərdən sonra ilk dəfə gerçəyi etiraf edib və bu etiraf Kremlin siyasəti üçün ölüm hökmü deməkdir.
Moderator.az xəbər verir ki, bu barədə köşə yazarı, rusiyalı jurnalist Konstantin Eqertin "dw.com" nəşrində dərc olunan məqaləsində deyilir.
Bir etirafın faciəvi səmimiyyəti
Moskva yaxınlığında keçirilən "Mənaların ərazisi" adlı gənclər forumunda Lavrov bəyan edib: "Rusiya ilk dəfədir ki, bütün Qərblə təkbaşına müharibə aparır. Nə Birinci, nə də İkinci Dünya müharibəsində belə olmayıb, o zaman bizim müttəfiqlərimiz vardı. İndi isə döyüş meydanında təkik. Ona görə də yalnız özümüzə güvənməliyik". Əgər Vladimir Putin olsaydım, Lavrovu dərhal vəzifədən uzaqlaşdırardım. Çünki bu cür açıqlama əslində iflasın açıq etiraf edilməsi, Kremlin bütün siyasətinə ölüm hökmü deməkdir.
Lavrovun uğursuz mirası
Sergey Lavrov artıq 20 ildən çoxdur ki, Rusiya diplomatiyasına rəhbərlik edir. İmperatorluqdan bu yana sayca dördüncü ən uzunmüddətli xarici işlər naziridir. Amma nəticə nədən ibarətdir? Bu illər ərzində bir dənə də olsun ciddi müttəfiq qazana bilməyib. Hətta forumdakı çıxışında Şimali Koreya və Belarusdan bəhs etsə də, bu ölkələrin "müttəfiq" statusu daha çox ehtiyacdan doğan məcburi münasibətləri xatırladır.
Əvvəllər Rusiyanın xarici siyasətini idarə edən Sazonov və Pokrovski, Milyukov və Tereşşenko, Stalinin əlaltısı Molotov kimi fiqurlar ölkəni savaşlarda tək qoymamışdı. İndi isə Lavrovun dövründə Rusiya müttəfiqsiz qalıb. Əgər "milli lider", Ali Baş Komandan hər şeydə haqlıdırsa, o zaman günah Lavrovdadır, məntiqlə belə çıxır.
Trampa təriflər və Hindistana yalvarış
Lavrov çıxışında iki dəfə Donald Trampı "praqmatik" adlandıraraq tərifləyib. Bu, Kremlin ümidlərindən xəbər verir - güman edirlər ki, ABŞ rəhbərliyi Rusiya ilə münasibətləri bərpa edəcək. Lakin Lavrovun nitqi Trampın Moskvaya qarşı ultimatum müddətini qısaltmasından öncə yazılıb. İndi isə Tramp da Kreml üçün "müharibə qızışdırıcısı"na çevrilə bilər. Bundan əlavə, Lavrov Hindistanı "böyük dövlət" kimi tərifləməklə, əslində, onun Qərb sanksiyalarına qoşulmaq ehtimalından qorxduğunu büruzə verib. Nəticədə, çıxışı həm cılız təriflər, həm də gizli təşvişlə dolu idi.
Putin Lavrovu niyə vəzifədə saxlayır?
Əslində, Lavrov nə diplomatik uğur qazanıb, nə də rejimi beynəlxalq təcriddən xilas edə bilib. Amma Putin onu vəzifədən azad etməyəcək. Səbəb bacarıq deyil. Səbəb ondadır ki, bu addım siyasətdə dönüş siqnalı kimi qəbul oluna bilər. Putin isə hər şeydən çox həm dünya qarşısında, həm də ölkə daxilində "zəif görünməkdən" qorxur. Rejim üçün zəiflik qorxusu artıq özlüyündə zəifliyin əlamətinə çevrilib. Putin bəlkə də bunu anlayır, amma dəyişməkdən qorxur.
"Uğur" adlanan fiasko: Matviyenkonun İsveçrə səfəri
Belə bir şəraitdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İsveçrəyə səfəri sanki diplomatik qələbə kimi təqdim edilir. Halbuki bu, boş və əhəmiyyətsiz bir tədbir idi. Əgər bu, uğurdursa, o zaman uğursuzluq nədir? Kreml artıq beynəlxalq səhnədə ciddi fiqur deyil. 2022-ci ildən bəri Qərblə əlaqələrini tamamilə itirib, yalnız daxili ictimai laqeydliklə özünü aldatmağa çalışan rejim indi hətta öz maraqları prizmasından da baxıldıqda, son dərəcə bacarıqsız və dalana dirənmiş siyasət yürüdür.
Miloşeviçlə paralellər və labüd sonluq
Bir vaxtlar hətta Qərb diplomatları Lavrov barədə "onunla razılaşmaq olmasa da, peşəkardır" deyirdilər. İndi isə bu fikri eşidən yoxdur. Rusiyanın hətta antiqərb yönlü "dostları" da Kreml ritorikasından bezib: "ukronasistlər", "məcburi xüsusi hərbi əməliyyat", "rusları xilas etmək" - artıq bu şüarlar köhnəlmiş və inandırıcılığını itirmiş təkrarçılığa çevrilib.
Putin və Lavrovun ritorikası bu gün son dönəm Miloşeviç Serbiyasının dili ilə təəccüblü dərəcədə oxşardır. Tarix heç vaxt eyni şəkildə təkrarlanmır, lakin Rusiya diktaturasının hansı sonluğa doğru getdiyi getdikcə daha aydın görünür. Lavrov bu gerçəyi anlayırmı? Ola bilər. Amma artıq bunun heç bir əhəmiyyəti yoxdur.