AZ

Dolların məzənnəsi DƏYİŞDİ: Manatın yeni kursu BELƏ OLACAQ

Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi uzun müddətdir ki, sabit saxlanılır – 1 USD = 1.70 AZN. Bu sabitlik əsasən Neft Fondundan transferlər, yüksək valyuta ehtiyatları və məhdud valyuta bazarı şəraitində mümkün olub. Lakin qlobal və regional iqtisadi proseslər bu məzənnənin gələcəkdə dəyişə biləcəyi ehtimalını gündəmə gətirir.

News24.az-ın verdiyi xəbərə görə, ABŞ Federal Ehtiyat Sistemi (FED) inflyasiyanı nəzarətdə saxlamaq üçün faiz dərəcələrini yüksək səviyyədə saxlayır. Bu siyasət dolların dünya üzrə dəyər qazanmasına səbəb olub. 

Dolların bahalaşması isə inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiq göstərir. Bu mənzərə Azərbaycanın qonşularında – xüsusilə də Türkiyə, Gürcüstan və Rusiya valyutalarında ciddi dəyər itkiləri ilə müşahidə olunur.

Əgər bu tendensiya davam edərsə, Azərbaycanın idxal xərcləri arta bilər, bu isə daxili bazarda inflyasiya təzyiqlərini gücləndirə bilər. Nəticədə, sabit məzənnə siyasətinin davam etdirilməsi fiskal və monetar yükü artırar.

Manatın sabitliyi əsasən enerji ixracından gələn yüksək valyuta axını ilə təmin edilir. 2024-cü ildə dünya bazarında neftin orta qiyməti 80-85 dollar civarında qalmaqda idi. Lakin 2025-ci ilin əvvəlindən etibarən geosiyasi risklər və qlobal tələbin azalması fonunda qiymətlərdə volatillik müşahidə olunur. Neftin qiymətində uzunmüddətli azalma tendensiyası yaranarsa, bu, Azərbaycan Dövlət Neft Fonduna daxil olan gəlirləri azalda bilər.

Digər tərəfdən, 2025-ci ilin ortalarına olan məlumata əsasən, ölkənin valyuta ehtiyatları 66 milyard dolları ötüb. Bu göstərici manatın məzənnəsini müdafiə etmək üçün güclü baza yaradır. Lakin bu ehtiyatların istifadəsi Mərkəzi Bank və Maliyyə Nazirliyi üçün uzunmüddətli seçim kimi risklidir.

İdxalın artması və qeyri-enerji ixracının zəif inkişafı da manatın təzyiqlərlə üzləşməsinə səbəb olan amillərdəndir. Əgər daxili istehsal aşağı səviyyədə qalarsa və ixracın diversifikasiyası ləngiyərsə, uzunmüddətli dövrdə valyuta balansında mənfi fərq yarana bilər.

Aqil Qarayev

Seçilən
46
news24.az

1Mənbələr