AZ

“Bu cür müğənnilərə “sahib çıxanlar” onları qudurdub” -  Hüquq müdafiəçisindən SƏRT REAKSİYA

"Avroviziya" qalibi Nigar Camalın "Dream Fest"dəki səhnə geyimi ölkə ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. Kimi Nigarı dəstəkləyir, kimi də bu cür geyimlərin yeniyetmə qızlarımız üçün mənfi presedent olmasını əsas gətirərək, onu tənqid atəşinə tutur.

Bakıvaxtı.az xatırladır ki, Nigar Camalı qınayanlardan biri də Əməkdar artist Fərqanə Qasımova olub:

“Türk qardaşlarımız demişkən, kəsmə yollarla önə getmək, əlbəttə, çok rahatdır”.

F.Qasımovanın tənqidinə cavab verən N.Camal “qaş düzəlmək əvəzinə vurub gözünü də çıxarıb”. Səhnə adam olduğunu deyən Nigar qeyd edib ki, fərqli-fərqli geyimlər geyinə bilər:

“Bu, normal bir şeydir. Bu, bütün dünyada normal qarşılanır. Adi insanlar özlərini səhnə adamları ilə eyni tuturlarsa, bu, onlarda gözəl görünməz, bəlkə də bu, normal deyil. Amma biz səhnədəyik, hər şey ola bilər. Belə daha maraqlı olur”.

Vəziyyəti dəyərləndirən hüquq müdafiəçisi Novella Cəfəroğlu Bakıvaxtı.az-a söyləyib ki, avropalı olmaq, o düşüncə ilə yaşamaq, səhnədə yer almaq o demək deyil ki, lütlənib ortalığa çıxmalısan. Avropalı olmaq qadının qadınla, kişinin kişi ilə evlənməsi deyil:

“Sənin öz ənənən, genefondun, kökənin, milli dəyələrin var. Kökündə, mayanda olan abır-həya məsələsi var. Açıq-saçıq deyil, normal şəkildə geyinmək olar. Amma bunlar biabırçı geyinirlər. Mən bu məsələdən narahatam. Kiminsə şəxsi həyatından deyil, əxlaqsızlığın geniş yayılmasından narahatam. Bu yol cəmiyyəti əxlaqsızlığa aparır. Küçədə gəzən cavan qızlarımıza baxın. Onlar televiziyalardakına baxıb, “örnək” götürürlər və o formda da geyinib, küçələrə çıxırlar”.

Novelle Cəfəroğlu Nigar Camalın “Biz səhnədəyik, hər şey ola bilər. Belə daha maraqlı olur” açıqlamsına sərt reaksiya verib:

“Səhnə adamı olmaq soyunub küçələrə çıxmaq deyil. Doğrudan da buna çox acıyıram. Nə olub axı sizə? Bizim tarixən elə xanım-xatun qadınlarımız olub ki...O cür xanımlardan ibrət götürün də. Avropdan elm, təhsil və məhkəmənin aliliyini  əxz edin, soyunmağı yox”.

“Geyim əxlaq norması deyil” yanaşımasına diqqət çəkən Cəfəroğlu qeyd edib ki, bu, açıq-saçıqlığa haqq qazandırmaqdan başqa bir şey deyil:

“Baxın, o cür geyinən müğənnilərin geyimi küçədə gəzən qızlarımıza sirayət edir. Gənc qızlarımız da müğənnilər kimi, dodaqları, yanları və sinələrini şişirdirlər. Bəli, estetik əməliyyat etdirmık olar, amma bunların etdikləri özlərini abırdan salmaqdır. Bu qədər də iyrənclik olmaz. Hər şeyin həddi-hüdudu var. Televiziyaya çıxanlar da o gündədirlər. Onun üçün televiziyalardan başlamaq lazımdır. Xalqın əxlaq kodeksinə zidd davrananlar efirlərə buraxılmamalıdırlar. Aparıcılara da diqqət etmək lazımdır. Gözəl veriliş aparanlarımız da var. Onlardan öyrənmək gərəkir. Cəmiyyət bu məsələləri qınamalıdır”.

N.Cəfəroğlu onu da əlavə edib ki, bu cür müğənnilərə “sahib çıxanlar” onları qudurdub:

“Həmin adamlar da böyük vəzifələrdə çalışırlar. Bunu hamı, Azərbaycan ictimaiyyəti yaxşı bilir”.

Bakıvaxtı.az

Seçilən
15
bakivaxti.az

1Mənbələr