Azərbaycanda kibertəhlükəsizlik mütəxəssisi hazırlamaq şərəfdir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin qurucusu olan İsrailin “Technion” Universitetinin Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger Mərkəzin sayca beşinci “Məzun Günü” tədbirində deyib.
“Texnologiya sürətlə dəyişir, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər və kibertəhlükəsizlik kimi sahələr dinamik şəkildə inkişaf edir. Bu alətlər böyük imkanlar yaradır, lakin onlardan məsuliyyətli və diqqətli istifadə olunmalıdır”, – deyə o qeyd edib.
M.Yeger bildirib ki, sözügedən təlim proqramı Azərbaycanla sıx əməkdaşlıq nəticəsində həyata keçirilir, proqram çərçivəsində bu günə qədər 260-dan çox kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb.
“Proqram çərçivəsində hər biri 100 nəfərdən ibarət olan məzun qrupları formalaşdırılıb və artıq bir çox məzun Azərbaycanın formalaşmaqda olan kiberekosistemində mühüm vəzifələrdə çalışır”, – deyə o əlavə edib.
M.Yeger vurğulayıb ki, onların əsas fəlsəfəsi biliklərin açıq olması, lakin bu biliklərdən ağıllı şəkildə istifadə edilməsidir: “Bizim məqsədimiz rəqəmsal dünyanı qorumağa qadir peşəkarlar yetişdirməkdir. Bu proqram məhz həmin məqsədə xidmət edir”.