AZ

Mütəxəssisdən xəbərdarlıq: İlan sancdısa, bu səhvi əsla etməyin!

Şəkidə və Ağsuda iki ayrı-ayrı ilan sancması hadisəsi qeydə alınıb. Şəki sakini Cəlil Zamanovun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsində müalicə alır. Ağsuda isə 16 yaşlı Emin Eyyubov ilan sancmasından sonra xəstəxanaya yerləşdirilib. Hər iki şəxsin vəziyyəti ağır qiymətləndirilir, biri reanimasiyada müalicə olunur. Bu hadisələr ilan təhlükəsinin yay mövsümündə nə qədər aktuallığını bir daha göstərir.

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Zoologiya institutunun laboratoriya müdiri Təvəkkül İsgəndərov bildirib ki,diş izləri qırmızı rəngdədirsə, deməli, sancan ilan zəhərlidir:

“Təhlükəli ilanların insanları sancması çox vaxt onların ehtiyatsızlığı ucbatından baş verir. İlan olan ərazilərdə diqqətli olmaq vacibdir. İlanlar adətən sıx kolluq və insan yaşayışının olmadığı yerlərdə çox olur. İnsan ilanı tutmağa və ya öldürməyə çalışdıqda sancma halları baş verir. Ona görə də insanlar bu kimi yerlərdə ehtiyatlı davranmağı bacarmalıdırlar. Bilməlidirlər ki, belə ərazilərdə zəhərli ilanlar ola bilər. Sancma hadisəsi baş verərsə, dərhal həmin yerə baxmaq lazımdır. Əgər diş izləri qırmızı rəngdədirsə, deməli sancan ilan zəhərlidir. Hər halda dərhal həkimə müraciət edilməlidir. Həkimə çatdırana qədər ilkin tibbi yardım göstərmək vacibdir. İlkin olaraq diş batmış nahiyəni dezinfeksiya edib, yumşaq şəkildə sarımaq və həmin bədən hissəsini hərəkətsiz saxlamaq lazımdır. Çünki hərəkət qan dövranını sürətləndirir və bu da zəhərin qanla daha sürətli yayılmasına səbəb olur". Toyuqlu pizza

O, həmçinin bildirib ki, evdə zəhərə qarşı zərdab varsa, onu əzələ daxilinə vurmaq lazımdır:

"Həmçinin həmin şəxsə, istəməsə belə, bol maye verilməlidir ki, böyrək vasitəsilə qan təmizlənsin. Əgər ilan zəhəri kifayət qədər yeridilibsə, yarım saat ərzində həmin şəxs huşunu itirə bilər. Bu müddət ərzində sancılan nahiyədə şişkinlik yarana bilər. Buna görə də qol və barmaqda olan saat, üzük kimi əşyalar çıxarılmalıdır ki, şişkinlik zamanı sıxılma olmasın. Əgər evdə zəhərə qarşı serum (zərdab) varsa, onu da əzələ daxilinə vurmaq mümkündür. Lakin bu, müalicə məqsədli deyil, həkimə çatana qədər dözüm üçün tətbiq olunur. Müalicəni isə həkimlər həyata keçirir. Qan yuyulması və sidikqovucu vasitələrin verilməsi ilə zəhərin bədəndən çıxarılmasına kömək edilir. Çünki zəhər yayılarsa, həyat üçün vacib orqanlarda ağır fəsadlar yarana bilər".

Zooloq qeyd edib ki, diş batmış nahiyəni kəsmək, doğramaq olmaz:

"Müalicə müddəti adətən 2-3 gün çəkir. Diş batmış nahiyədə yaranın sağalması isə 1-2 ay davam edə bilər, çünki həmin ərazidə əzələ toxumasının çürüməsi halları ola bilər. İlkin tibbi yardımı vaxtında göstərmək çox önəmlidir ki, qanqrena inkişaf edib şikəstlik yaranmasın. Həmçinin diqqət etmək lazımdır ki, diş batmış nahiyəni kəsmək, doğramaq, yağ sürtmək, spirtli içki içmək və həmin yeri sıx bağlamaq olmaz. Qan az da olsa, bədənə yayılmalıdır ki, bir nahiyə tamamilə sıradan çıxmasın”.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
31
8
yenisabah.az

9Mənbələr