Almaniyanın “Bayern” klubunun mərakeşli sol cinah müdafiəçisi Adam Aznu bundan sonra “Everton”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi bu transfer üçün 9 milyon avrosundan keçib. 19 yaşlı oyunçu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.
Adam Aznu İspaniyanın “Damm” və “Barselona” klublarının yetirməsi hesab olunur. “Bayern” onu 2022-ci ildə heyətinə qatmışdı. Müdafiəçi Münhen klubunun əsas komandasında cəmi 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Mərakeşli futbolçu ötən mövsüm icarə əsasında İspaniyanın “Valyadolid” komandasının şərəfini qoruyub. O, La Liqa təmsilçisinin heyətində 13 oyuna çıxıb.
Mərakeşin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış futbolçu 2024-cü ilin sentyabrında debüt etdiyi əsas millidə 3 oyuna çıxıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.
