Qəzzada yaranmış aclıq təhlükəsi beynəlxalq ictimaiyyəti narahat edir
Uzun illər davam edən İsrail-Fələstin münaqişəsinin sonu hələ də görünmür. Beynəlxalq ictimaiyyətin sülh təşəbbüsləri isə nəticəsiz qalıb. Xatırladaq ki, 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı o vaxt Britaniya mandatı altında olan Fələstinin yəhudi və ərəb dövlətlərinə bölünməsinə qərar verib. İsrail Dövləti 1948-ci ildə elan edilsə də, Fələstin dövləti rəsmən tanınmayıb. Artıq onilliklərdir ki, BMT üzvlərinin əksəriyyəti İsrail-Fələstin probleminin bu yolla həllini dəstəkləyir. Lakin ABŞ və İsrail BMT-nin “iki dövlət” prinsipinə əsaslanan qərarına deyil, ikitərəfli danışıqlar yolu ilə münaqişənin həllinin tərəfdarıdır.
Quterreş beynəlxalq konfransı alqışlasa da...
2023-cü il oktyabrın 7-də isə HƏMAS-ın tunellər vasitəsilə İsrail ərazisinə sızaraq yüzlərlə dinc insanı qətlə yetirməsindən və girov götürməsindən sonra münaqişə daha da gərginləşib. İsrail HƏMAS-ı zərərsizləşdirmək və girovları azad etmək üçün Qəzzada hərbi əməliyyatlara başlayıb. Hərbi əməliyyatlar hər iki tərəfdən çoxsaylı insan ölümlərinə səbəb olub. Xüsusilə, həmin dövrdən Qəzzada ölən insanların sayı 50 min nəfəri ötüb. Hazırda Qəzza sakinləri aclıq təhlükəsi ilə üz-üzədir.
Yaranmış vəziyyət beynəlxalq birliyi hərəkətə keçməyə məcbur edib. BMT-nin Nyu-York?? yerləşən mənzil-qərargahında Fələstin məsələsi və iki dövlətli həllin icrası ilə bağlı yüksək səviyyəli konfrans keçirilməsi də bununla bağlıdır. Konfrans Fransa və Səudiyyə Ərəbistanının həmsədrliyi ilə baş tutub. Baş Assambleyanın mandatı altında üç gün davam edən konfrans çərçivəsində plenar iclas, işçi qruplarının görüşləri təşkil olunub, BMT-nin yüksək səviyyəli rəsmilərinin və üzv dövlətlərin çıxışları dinlənilib.
BMT-nin Baş katibi Antonio Quterreş hesab edir ki, yüksək səviyyəli konfrans davamlı sülhə doğru mühüm addımdır. O, həmsədrlər - Fransa və Səudiyyə Ərəbistanını bu tədbirin keçirilməsində göstərdikləri liderlik və dəstəyə görə alqışlayıb. Bununla belə Baş katib deyib ki, “iki dövlət həlli əvvəlkindən daha uzaqdır”.
Fələstinin Baş naziri: HƏMAS tərk-silah edilməlidir
Tədbirdə çıxış edən Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa bildirib ki, HƏMAS döyüşdən zərər çəkmiş ərazidə təhlükəsizliyi bərpa etmək üçün tərk-silah edilməli və Qəzzaya nəzarəti Fələstin Muxtariyyətinə təhvil verməlidir: “İsrail Qəzza zolağından tamamilə çıxmalı, HƏMAS bu zolağa nəzarəti azad etməli və silahlarını Fələstin Muxtariyyətinə təhvil verməlidir”. Fələstinin Baş naziri deyib ki, bütün dövlətlər məhz indi hərəkətə keçməlidir. O, Fələstin dövlətçiliyinin qurulmasına kömək etmək üçün beynəlxalq ictimaiyyəti dəstək verməyə çağırıb.
İordaniya baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Safadi də çıxışında qeyd edib ki, Yaxın Şərqdə ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yolu BMT-nin İsraillə yanaşı yaşayacaq Fələstin dövlətinin yaradılması qərarını həyata keçirməkdir: “Fələstin dövlətinin tanınması təcili zərurətə çevrilib və fələstinlilər danışıqlara başlamağa hazır olduqlarını bildiriblər. Lakin İsrail sülh prosesinə maneçilik törədir və öhdəliklərini yerinə yetirmir. Bu vəziyyətdə BMT Təhlükəsizlik Şurasının yəhudi dövlətinə qarşı tədbir görməsinin vaxtı çatıb”.
Əs-Safadi beynəlxalq ictimaiyyətin diqqətini İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilində “sülh perspektivlərini sarsıdan və gərginliyi artıran” birtərəfli hərəkətlərinə yönəldib. “Biz İsraili dayandırmaq və humanitar fəlakətin davam etdiyi Qəzza zolağında faciəyə son qoymaq üçün hərəkətə keçməliyik” - deyə, o vurğulayıb.
ABŞ BMT tədbirini boykot edib
Qeyd edək ki, İsrailin strateji müttəfiqi olan ABŞ bu konfransı boykot edib. Bir neçə gün əvvəl Fransa prezidenti Emmanuel Makronun sentyabrda keçiriləcək BMT Baş Assambleyasının sessiyasında Fələstin dövlətçiliyini rəsmən tanıyacağını bəyan etməsi də İsrail və Vaşinqtonun kəskin etirazına səbəb olub. Strateji müttəfiqlər hesab edirlər ki, Fransanın bu mövqeyi HƏMAS-ın maraqlarına uyğundur. ABŞ Dövlət Departamenti bəyan edib ki, BMT səmərəsiz konfransa ev sahibliyi edir və bu, münaqişəni sona çatdırmaq üçün aparılan diplomatik səylərin içərisində reklamdır. “Konfrans nəinki sülhü təşviq etmir hətta müharibəni uzadır. Bu, HƏMAS-ı cəsarətləndirəcək, addımlarına görə mükafatlandıracaq və sülhə nail olmaq istiqamətində göstərilən real səylərini sarsıdacaq”,- deyə Dövlət Departamentinin bəyanatında qeyd olunub.
Bununla belə, sülh təşəbbüslərinin heç bir nəticə verməməsi Qəzzada minlərlə günahsız insanın ölümünə səbəb olub ki, bu da sükutla izlənilə bilməz. Artıq Qəzzada insanların aclıqdan ölməsi faktı qeydə alınıb. Aclıqdan ölənlər arasında uşaqlar da var. Belə şəraitdə Fələstin dövlətini tanıyanların sayı artır. İndiyədək 150-ə yaxın dövlət Fələstini tanıyıb. 95 ölkədə isə Fələstin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir. O cümlədən, Azərbaycan və Türkiyə də münaqişənin “iki dövlət prinsipi” əsasında həllinin tərəfdarı olduqlarını bəyan ediblər.
Britaniya Fələstini tanıyacaqmı?
Qəzzada humanitar böhran isə o qədər dərinləşib ki, ABŞ-ın strateji müttəfiqi olan Böyük Britaniyanın da Fələstin dövlətini tanıması istisna edilmir. Böyük Britaniya parlamentarilərinin üçdə-birindən çoxu - doqquz siyasi partiyadan 221 deputat Baş nazir Kir Starmeri Fələstin dövlətinin müstəqilliyini tanımağa çağıran birgə məktub imzalayıblar. “Biz başa düşürük ki, Böyük Britaniya Fələstinin azadlığını və müstəqilliyini təmin etmək imkanına malik deyil, ancaq tarixi əlaqələrimiz, BMT Təhlükəsizlik Şurasındakı üzvlüyümüz krallığın onu tanımasına əhəmiyyətli təsir göstərərdi”, - deyə, onlar vurğulayıblar.
Parlamentarilərin bəyanatı ABŞ Prezidenti Donald Trampın Şotlandiyaya dördgünlük səfəri ərəfəsində səslənib. Məlumata görə, Baş nazirin müavini Angela Rayner, daxili işlər naziri Yvette Kuper və xarici işlər naziri Devid Lemmi də Britaniya hökumətinin Fransa ilə birlikdə Fələstin dövlətinin yaradılması məsələsində aparıcı rol oynamasının tərəfdarıdırlar.
Belə bir şəraitdə Böyük Britaniyanın Baş naziri Kir Starmer kabinet üzvlərini yay tətilindən geri çağıraraq Qəzza zolağındakı humanitar böhranla bağlı təcili iclas keçirməyə qərar verib. Bu addım Fələstin dövlətini tanımaq üçün son günlər Britaniya hökumətinə artan daxili və beynəlxalq təzyiqlərin fonunda atılıb. Təcili iclas qərarı ABŞ və İsrailin Qətərdə aparılan sülh danışıqlarından nümayəndə heyətlərini geri çağırmasından sonra verilib. Ağ Evin xüsusi elçisi Stiv Vitkof danışıqların dayanmasına görə HƏMAS-ı ittiham edərək, onların razılığa gəlmək istəyi??? olmadığını bildirib.
Lakin Qəzza əhalisinin aclıq təhlükəsi ilə üz-üzə qalması beynəlxalq ictimaiyyətin ABŞ və İsrailə qarşı etirazlarını artırır. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Fransa və Böyük Britaniyanın Fələstin dövlətini tanıması isə ABŞ-la İsrailin mövqeyinə ciddi zərbə vura bilər. Yəqin ki, bu səbəbdən İsrail fələstinlilərə humanitar yardımların çatdırılmasına imkan yaradacağını vəd edib. Artıq BMT ilə yanaşı, bir sıra ölkələr də Qəzzaya humanitar yardım aparmaq üçün tədbirlər görürlər.
N.BAYRAMLI