Bakı, 30 iyul, AZƏRTAC
Ölkələrimiz üçün əhəmiyyətli olan bu tədbirdə - “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin” növbəti məzun günündə iştirak etmək mənim üçün böyük şərəfdir. İsrail və Azərbaycan arasında olan əlaqələr bizim üçün həm strateji, həm də dostluq münasibətləri baxımından mühümdür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrailin “Technion” Universitetinin Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger bu gün Bakıda keçirilən “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin” növbəti məzun günündə çıxış edərkən səsləndirib.
“Technion”, IRIA və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında güclü əməkdaşlıq nəticəsində yaradılmış “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi” artıq 260-dan çox kibertəhlükəsizlik mütəxəssisini, o cümlədən İrəli Korporativ Proqram üzrə məzunları hazırlayıb. Hər bir buraxılış qrupunda qürurla 100 məzun yer alır və onların çoxu Azərbaycanın sürətlə inkişaf edən kibertəhlükəsizlik ekosistemində mühüm vəzifələr tutur. Biz texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq.
Süni intellekt, maşın öyrənməsi, böyük verilənlər və kibertəhlükəsizlik sahələri sürətlə inkişaf edir. Bu alətlər böyük imkanlar yaradır, lakin onların diqqətli və məsuliyyətli şəkildə istifadəsi vacibdir. “Technion” olaraq inanırıq ki, bilik hər kəs üçün açıq olmalıdır, lakin onun tətbiqi müdrik şəkildə aparılmalıdır. Bu səbəbdən biz rəqəmsal dünyamızı qorumaq üçün yüksək ixtisaslı peşəkarların hazırlanmasına xüsusi önəm veririk.
Biz birgə fəaliyyətimizlə qürur duyuruq və qarşıdakı ildə bu proqramın daha da genişləndirilməsi üçün böyük ümid və inamla irəliyə baxırıq. Bu proqramın həyata keçirilməsi yerli tərəfdaşlarımızın güclü dəstəyi sayəsində mümkün oldu. Yerli icra komandasına təşəkkür edirəm – sizin əməli mükəmməlliyiniz bu iddialı vizyonu reallığa çevirdi. Bütün təlimçi heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm – sizin liderliyiniz, çevikliyiniz və gündəlik fədakarlığınız beynəlxalq təlim proqramlarının necə həyata keçirilməsinə dair yeni bir standart yaratdı”, - deyə Moti Yeger bildirib.