
Bakıdakı “Hilton Baku” hotelində turistlərə təqdim edilən restoran hesabı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, xarici qonaqlar aldıqları yeməklər üçün ümumilikdə 1290 manat ödəyiblər.
Paylaşılan ödəniş qəbzindən məlum olur ki, bir porsiya qarışıq kabab üçün 85 manat, bir nəfərlik sezar salatı üçün 34 manat, kartof qızartması üçün 12 manat, bir burger üçün 42 manat, 0.75 litr qazlı və qazsız “Sirab” suyu üçün isə 11 manat ödənilib.
Yeməklərin ümumi dəyəri 1229 manat təşkil edib. Bunun üzərinə əlavə edilən 5 faiz servis haqqı ilə birlikdə yekun məbləğ 1290 manata çatıb.
Görüntülər sosial şəbəkə istifadəçiləri arasında narazılıqla qarşılanıb və restoran qiymət siyasəti ilə bağlı müzakirələrə səbəb olub.
Məlumat üçün bildirək ki, hazırda otaq sayına görə Azərbaycanın ən böyük otellərindən biri “Hilton Baku”dır. 25 mərtəbəli oteldə 309 otaq var. 2011-ci ildə “Hilton Baku”nın rəsmi açılışı olub. “Hilton Baku” məşhur azərbaycanlı iş adamı İsgəndər Xəlilova bağlı olan “İSR” Şirkətlər Qrupu və “Hilton Worldwide” şirkətləri arasında 2007-ci ildə imzalanan müqavilə əsasında inşa olunub.
Qeyd edək ki, məşhur iş adamı 1955-ci ildə Bakıda anadan olub. 1988-ci ildən 1991-ci ilə qədər "LUKoyl" şirkəti prezidentinin məsləhətçisi olub. 1991-ci ildə "LUKoyl - Azərbaycan" Neft Şirkətinin direktorlar şurasının sədri seçilib. 1996-cı ildən 2000-ci ilə qədər "LUKoyl - Türkiyə" nümayəndəliyi İdarə Heyətinin rəhbəri olub.
Hazırda İsgəndər Xəlilovun oğlu Rauf Xəlilovun rəhbərlik etdiyi “İSR Holdinq”in rəsmi saytında qeyd olunur ki, şirkət 1995-ci ildə təsis edilib və fəaliyyət sahəsinə otelçilik, daşınmaz əmlak, logistika, texnologiya, pərakəndə satış, avtomobil istehsalı və s. kimi sahələr daxildir.
Holdinq öz müəssisələri ilə yanaşı, “Park Inn by Radisson”, “Hilton”, “Toyota”, “Lexus”, “Zara”, “Bershka” və s. kimi bir sıra məşhur beynəlxalq brendlərin də təmsilçisidir.
Qeyd etdiyimiz kimi ölkənin ən böyük otellərindən biri olan (248 otaq) “Park Inn” oteli də İsgəndər Xəlilova məxsusdur.
Onu da bildirək ki, bu yaxınlarda “Mash” teleqram kanalı Rusiyanın ən böyük neft məhsulları daşıyıcılarından biri olan və İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsus “Railgo” şirkətində Rusiya təhlükəsizlik qüvvələrinin axtarışlar apardığını yazıb. Daha sonra Railgo” şirkəti bu məlumatı təkzib edib və şirkətlə bağlı hər hansı əməliyyat-istintaq tədbirləri həyata keçirilmədiyini açıqlayıb.
