İlon Maskın “The Boring Company” şirkəti Tennessi ştatının qubernatoru Bill Li ilə birlikdə Neşvil şəhərində 10 millik yeraltı tunel (“loop”) sistemi qurmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, yeni sistem şəhər mərkəzi və konqres mərkəzini hava limanı ilə birləşdirəcək.
Layihə “The Boring Company” və onun adları açıqlanmayan özəl tərəfdaşları tərəfindən maliyyələşdiriləcək. Hazırda mümkün marşrutlar və cəmiyyətlə məsləhətləşmə mərhələsi başlayıb. Tikintiyə yalnız rəsmi təsdiqlərdən sonra başlanacaq. İlk hissənin 2026-cı ilin payızında istifadəyə verilməsi gözlənilir.
Bu sistem “The Boring Company”nin Las-Veqasdan sonra fəaliyyətə keçirdiyi ikinci layihə olacaq. Şirkət Las-Veqasda indiyə qədər 3 milyonadək “Tesla” səfəri təşkil edib.
Layihə büdcə vəsaiti tələb etmir və tikintinin şəhər həyatına minimum təsirlə həyata keçiriləcəyi bildirilir. Lakin şirkət keçmişdə təhlükəsizlik və iş şəraiti ilə bağlı tənqidlərə məruz qalıb. İşçilər yüksək iş tempi səbəbindən xəsarətlərə və qeyri-insani şərtlərə etiraz ediblər.
Sərvanə Rəmixanova