Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi eşitmə və nitq məhdudiyyətli şəxslərin sosial həyatını asanlaşdırmaq məqsədilə “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidmətini istifadəyə verrilməsi ilə bağlı “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Çingizqızı QHT.az -a bildirib ki, bu kateqoriyaya aid insanlar gündəlik həyatda ciddi çətinliklərlə üzləşirlər:
Onun sözlərinə görə, bir çox hallarda bu şəxslər sadə bir sənədi təsdiqlətmək, maliyyə əməliyyatı aparmaq və ya təcili yardım çağırmaq kimi həyati əhəmiyyət daşıyan vəziyyətlərdə ünsiyyət qura bilmədikləri üçün ciddi problemlərlə üzləşirlər:
"“Səsiniz olaq” xidməti onların bu sahələrə əlçatanlığını artıraraq, informasiya bərabərliyi yaradar və eyni zamanda onların hüquqlarının real təminatına xidmət etməsinə yardım edər. Təşkilat olaraq inanırıq ki, bu xidmətin tətbiq dairəsi daha da genişləndikcə, o cümlədən notariat kontorları, bank sektoru, təcili yardım və digər strateji xidmət sahələrində sistemli şəkildə istifadəsi təmin olunduqca, eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası daha da güclənəcək və onların gündəlik həyat keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq".
O, həmçinin gələcəkdə xidmətin texniki imkanlarının təkmilləşdirilməsi, əhatə dairəsinin və iş saatlarının genişləndirilməsi, regionlarda da aktiv tətbiqinin təmin olunması ilə bağlı ümidlərini ifadə edib:
"Ümid edirik ki, gələcəkdə bu təşəbbüs texniki imkanlar baxımından daha da təkmilləşdiriləcək, xidmətin əhatə dairəsi və iş saatları genişləndiriləcək, regionlarda da aktiv tətbiqi təmin olunacaq. Biz də təşkilat olaraq bu təşəbbüsün davamlılığını və geniş ictimaiyyətə çatdırılmasını dəstəkləyir və bu istiqamətdə əməkdaşlığa hazır olduğumuzu bildiririk".
Qeyd edək ki, eşitmə və nitq məhdudiyyətli şəxslər “Səsiniz olaq” onlayn surdotərcümə xidmətindən yararlanmaq üçün 055 213 19 97 nömrəsinə WhatsApp və ya Telegram platformaları vasitəsilə müraciət edə bilərlər. Bu xidmət, inklüzivliyin real təminatı və bərabər imkanlara çıxış baxımından mühüm təşəbbüsdür.
Pərvanə Fərhadqızı