Bakı, 30 iyul, AZƏRTAC
Polşanın Baş naziri Donald Tusk bildirib ki, ABŞ-ın Avropa məhsullarına tətbiq etdiyi yeni rüsumlar Polşaya təxminən 2,16 milyard dollara başa gələ bilər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Baş nazir “X” sosial şəbəkəsindəki səhifəsində yazıb: “İtkilər Atlantikanın hər iki tərəfində böyük olacaq, lakin sərt ticarət razılaşması müttəfiqlər arasında mənasız tarif müharibəsindən daha yaxşıdır”.
Bazar günü, iyulun 27-də Birləşmiş Ştatlar Avropa İttifaqı ilə çərçivə ticarət razılaşması əldə edib. Vaşinqton Aİ mallarının əksəriyyətinə 15 faiz idxal rüsumu tətbiq edib ki, bu, ilkin olaraq nəzərdə tutulan məbləğin təxminən yarısı deməkdir. Həmin razılaşma qlobal ticarətin təxminən üçdəbirini təşkil edən iki müttəfiq arasında daha geniş ticarət müharibəsinin qarşısını alıb.
Polşa birbaşa ABŞ-a elə də çox məhsul ixrac etmir, lakin tariflərin təsirini gözləyir, çünki polyak şirkətləri çox vaxt subpodratçı qismində çıxış edir. Məsələn, Almaniyaya avtomobil hissələri ixrac edirlər və o, öz növbəsində, ABŞ-a hazır avtomobillər göndərir.
ABŞ-ın idxalına yeni 15 faizlik baza rüsumuna Mərkəzi Avropanın ixracının əsas hissəsi olan avtomobillər daxildir. Bu, Vaşinqton tərəfindən təhdid edilən 27,5 faizlik rüsumdan aşağı olsa da, ABŞ Prezidenti Donald Tramp yanvar ayında vəzifəyə gəldikdən sonra qlobal tarifləri elan etməzdən əvvəl mövcud olan 2,5 faizdən xeyli yuxarıdır.
Mərkəzi Avropanın digər ölkələri də razılaşmanın transatlantik ticarəti narahat edən qeyri-müəyyənliyi aradan qaldırdığını, lakin yeni tariflərin onlara da təsir edəcəyini gözlədiklərini bildiriblər.