Bakı, 30 iyul, AZƏRTAC
Hazırda Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov bu gün Bakıda keçirilən “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin” növbəti məzun günündə çıxış edərkən deyib.
“Rəqəmsallaşan dünyamızda artıq gündəlik həyatımızın demək olar ki, hər anında rəqəmsal sistemlərdən istifadə edirik — mobil telefonlar, naviqasiya proqramları, ödəniş sistemləri və müxtəlif platformalar bu prosesin ayrılmaz hissəsinə çevrilib. Bu texnologiyaların həyatımıza daxil olması gündəlik işlərimizi daha rahat və səmərəli edir, vaxt və resurslarımızın idarə olunmasında mühüm rol oynayır. Lakin rəqəmsal inkişafın gətirdiyi bu üstünlüklərlə yanaşı, müəyyən risk və təhlükələr də meydana çıxır. Məhz buna görə də dövlət qurumlarının, özəl sektorun və fərdi istifadəçilərin rəqəmsal transformasiyanın davamlı və təhlükəsiz şəkildə reallaşması üçün kibertəhlükəsizlik məsələlərinə xüsusi önəm verməsi son dərəcə vacibdir.
Bildiyimiz kimi, 2023-cü il avqustun 28-də Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın tədbirlər planında informasiya təhlükəsizliyi riskləri reyestrinin yaradılması, insidentlərin monitorinqi, süni intellektin tətbiq sahələrinin genişləndirilməsi və fərdi məlumatların qorunması kimi vacib istiqamətlər yer alır. Strategiyada xüsusi diqqət yetirilən sahələrdən biri də ixtisaslı kadr potensialının inkişafıdır”, - deyə Fərid Osmanov əlavə edib.
Cari ilin yanvar ayında təsdiqlənən Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində də rəqəmsal cəmiyyətə keçid və rəqəmsal inkişafın təmin olunması məqsədilə kadr potensialının gücləndirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinin planlaşdırıldığını diqqətə çatdıran Fərid Osmanov bildirib ki, bu çərçivədə əhalinin rəqəmsal savadlılığının və kiberməlumatlılığının artırılması, müasir İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, müxtəlif təlim proqramlarının təşkili, həmçinin dövlət və özəl sektor arasında əməkdaşlıq yolu ilə kadr potensialının inkişaf etdirilməsi nəzərdə tutulur.
Fərid Osmanov vurğulayıb ki, 2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, İsrailin "Technion" Texnologiya İnstitutunun birgə əməkdaşlığı və “PASHA Holding”in dəstəyi ilə təsis edilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi də qeyd edilən istiqamətlərin inkişafına töhfə verən işlərini davam etdirir.
“Mərkəz həmçinin “CyberCollab” layihəsi çərçivəsində dövlət qurumları və özəl sektorun İKT üzrə rəhbər şəxsləri üçün süni intellekt və kibertəhüləsizlik mövzusunda təlimlər keçirir. Bu təlimlərin önəmi çox böyükdür. Bəzi beynəlxalq araşdırmalara görə, artan kibertəhdidlərin bir çoxu məhz süni intellekt vasitəsilə yaradılır və bu texnologiyanın xüsusiyyətlərinə dərindən bələd olmaq kibertəhlükəsizlik ekspertləri üçün olduqca əhəmiyyətlidir.
Bu gün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 5-ci dalğası üzrə 100 tələbəmiz məzun olur. Onlardan 20-si “Red team”, 40-ı “Blue team”, digər 40-ı isə “Purple team” məzunlarıdır. Onu da xüsusi ilə vurğulamaq istərdim ki, “Purple team” təlimləri ölkədə ilk dəfə məhz Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində baş tutub. Bu ilin oktyabr ayında növbəti 40 mütəxəssis üçün sözügedən təlimlər planlaşdırılır.
Məzunlarımıza tədris boyunca “Technion”un peşəkər müəllim heyəti tərəfindən həm nəzəri, həm də praktiki biliklər aşılandı. 5-ci dalğa çərçivəsində müxtəlif növ master-klasslar, yarışlar və hakatonlar keçirildi. Bütün bu tədbirlər tələbələrə kibertəhlükəsizlik sahəsində praktiki bacarıqlar əldə etmək, analitik və tənqidi düşünmə qabiliyyətlərini inkişaf etdirmək, komanda ilə işləməyi öyrənmək, peşəkar şəbəkə qurmaq baxımından mühüm töhfə vermiş oldu.
Mərkəzdən məzun olan gənclər uğurla iş tapır və peşəkar fəaliyyətə başlayırlar. Tələbələrin əmək bazarına daha yaxşı hazırlaşmaları üçün Mərkəzdə insan resursları mütəxəssisləri tərəfindən karyera inkişafı yönündə təlimlər təşkil olunur və onların iş mühitinə inteqrasiyası təşviq edilir. Eyni zamanda, tələbələrin real iş proseslərini yaxından tanımaları üçün müxtəlif müəssisələrə ziyarətlər təşkil olunur. Bu kimi addımların nəticəsi olaraq, ilk 4 dalğa üzrə məzunların 74 faizi sahələrinə uyğun şəkildə işlə təmin olunub. Onlar hazırda həm özəl, həm də dövlət sektorlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərirlər. İlk dəfədir ki, 5-ci dalğa tələbələrin 28 faizi tədris müddətinin 5-ci ayında artıq iş təklifləri alıb. Bu da onu göstərir ki, tədris tamamlanmamışdan əvvəl tələbələrin təxminən 30 faizi əmək bazarına uğurla daxil olub.
Bu rəqəmlərin arxasında isə real uğur hekayələri dayanır. Bu sahədə düzgün yönləndirmə və keyfiyyətli hazırlıq real nəticələrə gətirib çıxarır. Məhz bu məqsədlə biz təhsillə daha sıx inteqrasiyaya xüsusi önəm veririk”, - de F.Osmanov vurğulayıb.