AZ

“Qəbələ Yazarlarına Dəstək“ ictimai birliyi layihə çərçivəsində yeddinci təlimini keçirib - FOTOLAR

“Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsi çərçivəsində növbəti – 7-ci təlimini təşkil edib.

QHT.az xəbər verir ki, 21 iyul 2025-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində yaradıcılıqla məşğul olmaq istəyən 13 nəfər benefisiar üçün təlim keçirilib.

Təlimi layihə rəhbəri Rəna Mahmudova açaraq təlimin gedişi ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb. O bildirib ki, AR QHT Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsi uğurla davam edir. Artıq iyun və iyul aylarında ardıcıl olaraq 7-ci təlim keçirilir. Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində bəzən təlimlərin keçirildiyi günə təsadüf edən və əvvəlcədən planlaşdırılmamış tədbirlərə görə bəzi benefisiarlar təlimdə iştirak edə bilmirlər. Lakin növbəti təlimlərdə təlimçi həmin mövzu barədə iştirak edə bilməyən benefisiarlara əlavə məlumat verir.

Sonra təlimçi F. Babayev təlimə başlayaraq bildirmişdir ki, bugünkü mövzu sırf qəzəl janrına həsr olunub. Beləliklə, bu günkü mövzumuz “Klassik şeir nümunəsi olan qəzəl – Əruz vəzni” olacaq. Çünki bu janrda yazmaq istəyən və bəzən də çətinlik çəkən yazarlarımız var. Onların xahişini nəzərə alaraq bu mövzunu bir daha təkrar etmək qərarına gəldik. Mən bu janr haqqında daha əvvəl geniş məlumat vermişdim. Lakin bu dəfə ərəb dilində mükəmməl təhsil almış iştirakçılardan biri – Müşfiq müəllimi bu janr və bu janrda yazılan şeirlər haqqında danışmağa dəvət etdim.

Təlimi davam etdirən iştirakçı Müşfiq Qarayev əruz vəznini ərəb dilindən tərcümə edərək xırdalıqları iştirakçılara izah etdi və müxtəlif şairlərin qəzəllərindən nümunələr gətirərək təlimi maraqlı və diskussiya şəklində davam etdirdi.

Maraqlı keçən təlimdən sonra iştirakçılara çay və kofe stolu təqdim olundu. İştirakçılar çay süfrəsi ətrafında yazdıqları qəzəllərdən qiraət etdilər. Təlimçi onların şeirlərini və qiraətlərini dinlədikdən sonra hər birinə fərdi məsləhətlər verdi.

Fasilədən sonra gündəlik mövzu iştirakçılarla birlikdə davam etdirildi. Layihə rəhbəri növbəti təlimin avqust ayında keçiriləcəyini və dəqiq tarix və vaxt barədə benefisiarlara öncədən məlumat veriləcəyini qeyd etdi.

Seçilən
22
1
qht.az

2Mənbələr