QHT.az xəbər verir ki, bir Şəhid atası ilə qarşılaşan “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova yaşadığı duyğusal anları belə ifadə edib:
"Mən bir ata gördüm… Bu gün bir Şəhid atasını gördüm. Diqqətimi çəkdi. Onu görəndən sonra ruhum tamam başqa oldu. Atadan Şəhidin adını soruşdum.
– Şəhidin adı nədir?
…Sükut sökdülər.
…Gözləri doldu.
Balasının adını deyə bilməyib ağladı.
Ondan sonra mən susdum.
Bir anlıq özümü çarəsiz hiss etdim, nə deyim, nə təsəlli verim ki, o gözlərin yaşı qurusun?
Çünki bu 5 ildə bizə o qədər sözlər deyilmişdi ki, bütün sözlər Şəhid ailələri üçün adiləşmişdi.
Mən sadəcə bir söz deyə bildim... SƏBİR..."
Bu ağır duyğuların sahibi Vətən müharibəsi şəhidi Elvin Qurbanlının atası Mehman kişidir. Şəhid Elvin Qurbanlı Tovuz rayonunun Aşağı Quşçu kəndindəndir.
Elvin Qurbanlı – Vətən uğrunda canını fəda edən igid
Elvin Qurbanlı 1999-cu il yanvarın 2-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2005–2016-cı illərdə İmran Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb, 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən isə Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib.
Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə olan əsgər Elvin Qurbanlı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 2020-ci il oktyabrın 1-də Murovdağ istiqamətində qəhrəmancasına şəhid olub. O, doğulduğu kənd – Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn edilib.
Qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında şücaət göstərən Elvin Qurbanlı ölümündən sonra bir neçə medalla təltif edilib:
-
"Vətən uğrunda" medalı – 15.12.2020 tarixli Sərəncam
-
"İgidliyə görə" medalı – 18.12.2020 tarixli Sərəncam
-
"Kəlbəcərin azad olunmasına görə" medalı – 29.12.2020 tarixli Sərəncam
Elvin Qurbanlı subay idi, ailə qurmağa macal tapmadan Vətən torpağına qurban verdi.
QHT.az kollektivi olaraq qəhrəman Şəhidimiz Elvin Qurbanlının əziz xatirəsini ehtiramla yad edir, atasına – Mehman kişiyə və bütün Şəhid valideynlərinə səbir diləyirik. Vətən sizə borcludur!
Pərvanə Fərhadqızı