“Liverpul”un qapıçılar üzrə məşqçisi Xavi Valero “qırmızılar”ın 32 yaşlı brazilyalı əsas qapıçısı Alisson Bekker haqda təriflə söhbət açıb.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən, 52 yaşlı ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Alisson – dünyada ən yaxşı qapıçıdır, o, artıq çox illərdir ki, müvafiq səviyyədədir. Ona görə də bizim məqsədimiz və bir məşqçi olaraq cavabdehliyimiz – yüksək ölçülərə riayət etməkdir. Bu, böyük bir cavabdehlikdir, amma mən müvafiq çətinliklərlə keçmişdə də qarşılaşmışam”, deyə Xavi Valero vurğulayıb.
Alisson Bekker “İnternasyonal”ın məzunudur. Braziliyalı qapıçı “Liverpul”a 2018-ci ilin iyul ayında 62,5 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Roma”dan keçib. Alissonun “qırmızılar”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Alisson “Liverpul” üçün 35 oyun keçirib, 33 qol buraxıb, 13 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.
Alissonun “qırmızılar”ın heyətində çıxışının ümumi mənzərəsi isə 298 oyun, 269 buraxılmış qol, 127 “quru” oyundan ibarətdir.
Alisson Bekker Avropada klub səviyyəsində qazandığı bütün qənimətlərini “Liverpul”la əldə edib: İngiltərə Premyer Liqası (2019/2020, 2024/2025), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022, 2024), Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019/2020), FIFA Klub Dünya Kuboku (2020). “İnternasyonal”la isə Alisson Qauşu Çempionatının (Braziliyanın Riu-Qrandi-du-Sul ştatının çempionatı) dördqat (2012/2013, 2013/2014, 2014/2015, 2015/2016) qalibi olub.
Alisson Bekker 2015-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 74 oyuna çıxıb. Təcrübəli qapıçı bu oyunlarda 33 qol buraxıb, 46 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Alisson “selesao” ilə Amerika Kubokunun (2019) qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı qapıçının transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.