AZ

Messi son 7-ci oyunda 6-cı dublunu etdi və Ronaldonu geridə qoydu!

ABŞ çempionatında növbəti oyunlar keçirilib. Sanki ikinci cavanlığını yaşayan Lionel Messi ''İnter Mayami''ni çiynində daşımaqda davam edir.

"Football-plus.az" xəbər verir ki, floridalılar səfərdə ''Nyu York Red Bulls'' ilə üz-üzə gəliblər. Messinin aktivinə 2 qol, 1 məhsuldar ötürmə yazdığı qarşılaşmada ''İnter Mayami'' 5:1 hesablı inamlı qələbə qazanıb.

Komanda MLS-də son 7-ci oyunda 6-cı qələbəsini qazanıb. Eyni zamanda argentinalı ulduz son 7 çempionat oyununda 6-cı dəfə dubl edib! ''İnter Mayami'' və Messi bu müddətdə yalnız iyulun 17-də səfərdə ''Sinsinnati'' ilə oyunda (0:3) zəif performans sərgiləyib. ''Qızıl top''un 8 qat qalibi bu mövsüm MLS-də keçirdiyi 18-ci oyunda vurduğu qolların sayını 18-ə çatdırdı.

Messi bombardirlər yarışında ''Neşvill''in forvardı Sem Serric ilə liderliyi bölüşür. Amma Serric 18 qolu 24 oyuna və üstəlik bunlardan 5-ni penaltidən vurduğu halda Leo ondan 6 oyun az keçirib və heç bir qolu penaltidən vurmayıb. Yeri gəlmişkən, bu penalti məsələsi futbol dünyasında yenidən Messi ilə Kriştiano Ronaldonun rəqabətini aktuallaşdırıb.

Belə ki, yalnız oyundan vurulan qolları nəzərə alsaq və penaltiləri işin içinə qatmasaq, Messi karyerası ərzində vurduğu qolların sayını 764-ə çatdırdı və Ronaldonu (763) geridə qoydu!

Messi 1114 qarşılaşmada 874 dəfə fərqlənib ki, bunlardan 110-u penaltidən vurulub. Karyerasını ''Əl-Nəssr''də davam etdirən Ronaldo isə 1281 oyunda 175-i penaltidən olmaqla 938 dəfə fərqlənib.

Seçilən
23
football-plus.az

1Mənbələr