Vedomosti nəşrinin Reuters/Ipsos sorğusuna istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın fəaliyyətinə ictimai dəstək rekord səviyyədə – 40%-ə enib. Sorğuya ölkə üzrə 1023 yetkin amerikalı daxil edilib.
News24.az xəbər verir ki, iyulun 27-nə olan göstəricilər, Trampın reytinqinin iyulun 16-da 41%-dən 40%-ə düşdüyünü göstərir. Sorğu nəticələrinə əsasən, Trampa münasibət ölkədə ciddi şəkildə qütbləşib: Respublikaçıların 83%-i onun fəaliyyətini dəstəkləyir, Demokratların isə cəmi 3%-i prezidentin addımlarını bəyənir. Müstəqil seçicilər arasında isə təqribən üçdə biri Trampın fəaliyyətini müsbət qiymətləndirib.
İştirakçıların 38%-i Trampın iqtisadi siyasətini (əvvəlki 35%-dən artım), 43%-i isə immiqrasiya siyasətini (əvvəlki 41%-dən artım) dəstəklədiyini bildirib.
Xatırladaq ki, Trampın reytinqi vəzifəyə başladığı 2025-ci ilin yanvarından bəri tədricən aşağı enməyə başlayıb. Bu, onun imzaladığı mübahisəli sərəncamlardan və ABŞ-ın bir sıra tərəfdaş ölkələrinə qarşı tətbiq etdiyi gömrük rüsumlarından sonra baş verib. Əsas tarif dərəcəsi 10% olsa da, bəzi ölkələr, o cümlədən Çin üçün bu göstərici daha yüksək olub.
Eyni zamanda, The Wall Street Journal Demokratlar Partiyasının da rekord reytinq itkisi yaşadığını bildirib. 26 iyul tarixli sorğuya əsasən, amerikalı seçicilərin 63%-i Demokratlara mənfi münasibət bəsləyir, cəmi 33%-i isə partiyanı dəstəklədiyini ifadə edib. Bu göstərici son 35 ilin ən aşağı səviyyəsi hesab olunur.
Xeyrənsə Piriyeva