AZ

İstedadlı rəssamın sənət dünyası  

  

Azərbaycan rəssamlıq aləmində onun ayrıca yeri var. Rəssamlıq sənətimizdə

yarım əsrdən artıq uğurlu yaradıcılıq yolu keçib. Bu il 70 yaşı tamam olan

istedadlı rəssam Fikrət İbrahimli Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov  kimi məşhur sənətkarlardan qaynaqlanan

yaradıcılıq ruhunu əxz edib.  F.İbrahimli

sənətin sirlərini Neftçala şəhərində ilk müəllimi Adil Hacıyevdən mənimsəyib.

Neftçala şəhərinin özünəməxsus panoramı, təbii gözəllikləri, Xəzər dənizinin

füsunkar görünüşü, dalğalarının ritmik ləpələnməsindən doğan ecazkar

"musiqi"si və ilahinin qüdrətindən yaranmış təbiət mənzərələri onun gələcəkdə

rəssam olmasına güclü təsir göstərmişdir.

  Rəssamlıq sənətinə olan sevgi F.İbrahimlini Bakı şəhərinə gətirib

çıxarır. Burada məşhur Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq

Texnikumunda peşəkar rəssamlıq təhsilinə yiyələnir, sonra Azərbaycan Dövlət Mədəniyyət

və İncəsənət Universitetinə qəbul olur. O, peşəkar ali rəssamlıq təhsili

almaqla yanaşı, tanınmış rəssamlardan sənətin sirlərini öyrənir və məşhur rəssamlar

Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyovla şəxsi dostluq və yaradıcılıq əlaqələri

yaratmağa başlayır.

F.İbrahimli üçün təhsil illərində əxz etdiyi sənət vərdişləri nə qədər əhəmiyyətli

olmuşsa, rəssamın sənət dostları ilə yaxın münasibətləri və onlarla birgə etüdə

getdikləri günlər də bir o qədər yaddaqalan və önəmli olub. Xalq rəssamı Toğrul

Nərimanbəyov "Ulduz" jurnalının 1980-ci ilin 10-cu nömrəsində

xeyir-dua mahiyyətli yazısında istedadlı tələbəsi Fikrət İbrahimliyə uğurlu yol

arzulayıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü F.İbrahimlinin əsərləri dəfələrlə

ölkəmizdə və xaricdə təşkil olunan sərgilərdə nümayiş olunub, diplom və

mükafatlara layiq görülüb. Eyni zamanda əsərləri ölkəmizdə və xaricdə muzey,

qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

F.İbrahimli 70 illik həyatının yarım əsrini bədii yaradıcılıqla məşğul

olub. Rəssamlığı həyatının ayrılmaz bir hissəsi hesab edən sənətkar üçün

dünyaya açılan pəncərə onun emalatxanasından başlayır. O, indiyədək dəzgah rəngkarlığı

sahəsində süjetli tablo, portret, mənzərə və natürmort janrlarında bir-birindən

maraqlı yüzlərlə sənət əsərləri yaradıb. İstedadlı rəssam həm  də dəzgah və kitab qrafikası, keramika sahələrində

də maraqlı sənət nümunələri ərsəyə gətirib. Rəssam uğurlu bədii yaradıcılıq fəaliyyəti

sayəsində yaddaqalan, bədii estetik zövq mənbəyi hesab olunan çoxsaylı lirik əsərlər

müəllifi kimi tanınır.

Onun rəngkarlıq sahəsində yaratdığı əsərlərin əsas mövzu dairəsi və qayəsi

Azərbaycan mədəniyyətinin və təbiətinin gözəlliklərini həssas rəssam duyumu və

sənətin güclü bədii ifadə vasitələri ilə kətanda əks etdirməkdir. Sənətkarın

yaradıcılığında Bakı, İçərişəhər, Şuşa, Neftçala mövzusu qırmızı xətt kimi

keçir. Deyir ki, onun qədim mədəniyyətimizə bağlılığı və vurğunluğu İçərişəhərlə

tanışlıqdan başlayır: "Tələbəlik illərində və sonrakı bir neçə ildə mən İçərişəhərdə

yaşamışam. Oradakı memarlıq abidələri, yollar, qala divarları gözlərimdə

canlanan bir nağıldır". Hər bir yaradıcı sənətkar öz xalqının və mədəniyyətinin

ifadəçisidir fikri ilə yanaşmış olsaq, əminliklə deyə bilərik ki, rəssam

F.İbrahimli yaratmış olduğu bədii əsərləri ilə öz ölkəsinin zəngin mədəniyyətini

və təbiətini incə bədii zövqlə, məxsusi rəssam təxəyyülü və inandırıcı rəng

boyaları ilə kətanda əks etdirə bilmişdir.

Rəssamın süjetli tablo və mənzərə əsərlərinə nümunə olaraq "Həyat

naminə", "Muğam", "İçərişəhər", "Neftçala.

Limanda", "Neftçala. Balıq kombinatı", "Nişan. Rəfiqələr",

"Kəndimizin qızları", "Xonça aparırlar", "Gəlin gətirməyə",

"Toy", "Kür qırağında", "Kür çayı", "Fatmayı",

"Bağ evi. Novxanı", "Abşeron motivi", "Abşeron günəbaxanları"

və başqalarını qeyd etmək olar. Adlarından da hiss olunduğu kimi, Fikrət

İbrahimlinin ilham qaynağının məhsulu olan lövhələr heç də asanlıqla kətanda öz

əksini tapmamışdır. Təbii ki, bu cür sənət nümunələrinin yaradılmasının

arxasında onun inamlı yaradıcılıq axtarışları, həssas müşahidələri və peşəkar sənət

ustalığı dayanır.

Rəssam bir sıra portret və natürmort əsərlərinin müəllifi kimi də özünü

təsdiq edən sənətkarlarımızdandır. Məlumdur ki, portret əsərində rəssamdan surətini

yaradacağı şəxsin anatomik bənzəyişini əks etdirməklə yanaşı, qəhrəmanının fərdi

xarakterik xüsusiyyətlərini təsvir etmək də tələb olunur. F.İbrahimlinin

yaratdığı portret əsərlərində bu əsas iki istiqamətin paralel aparıldığı

müşahidə edilir.

2022-ci ildə Muzey Mərkəzində F.İbrahimlinin "Ruhumun təqdimatı"

adlı fərdi sərgisi təşkil olunmuşdu. Sərgidə onun 60-a yaxın əsəri nümayiş

edilirdi.  Sərgidən sonra rəssamın

yaradıcılığına, onun əsərlərinə maraq daha da artdı. O, Orta Asiyada - Özbəkistanda

TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən festivala dəvət aldı, ölkəmizi xalq rəssamları

Sakit Məmmədov, Arif Əzizlə birlikdə təmsil etdi, mükafatlarla geri döndü.

2023-cü ildə F.İbrahimlinin həyat və yaradıcılığı haqqında "Ömür səhifələrim"

adlı sanballı kitabın sevincini bölüşmək və bu nəşri sənətsevərlərə təqdim etmək

xoşbəxtliyi nəsib oldu. Fikrimcə, kitabın nəfis şəkildə çapı rəssama ən böyük hədiyyədir.

Üç dildə nəşr edilən kitab nəsillər və əsrlərarası körpüdür.

 

Əsəd QULİYEV,

Rəssamlar İttifaqının üzvü,

sənətşünas

Seçilən
6
azerbaijan-news.az

1Mənbələr