AZ

40 deputat İsrailə sanksiya tələb edir

Brüsseldə 14 Aİ ölkəsindən olan 40 Avropa Parlamenti üzvü, İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin Cenevrə Konvensiyasını və beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğunu əsas gətirərək Avropa İttifaqını İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə Euronews telekanalı parlament üzvlərinin birgə bəyanatına istinadla məlumat yayıb.

News24.az TASS-a istinadən xəbər verir ki, deputatlar İsrailə ticarət üstünlükləri və maliyyə proqramlarına çıxış imkanı verən 2000-ci ildə qüvvəyə minmiş Aİ–İsrail Assosiasiya Sazişinin dayandırılmasını da tələb edirlər. Onların sözlərinə görə, Qəzza zolağındakı humanitar böhran fonunda Brüssel daha qətiyyətli addımlar atmalıdır. İsveçli deputat Evin İncir Euronews-a açıqlamasında “mənəvi qorxaqlıq dövrü artıq başa çatıb” deyə bildirib.

Bundan əvvəl İspaniyanın El País qəzeti Avropa Komissiyasının Assosiasiya Sazişinin qismən dayandırılması və İsrailin "Horizon Europe" elmi tədqiqat proqramından çıxarılmasını müzakirə etdiyini yazıb. Bu addım, Aİ-nin xarici işlər nazirlərinə təqdim olunan 10 mümkün sanksiya variantı arasında "ən yumşaq tədbir" hesab olunur.

BMT-nin Ümumdünya Ərzaq Proqramı isə bu ay Qəzzada ərzaq vəziyyətinin oktyabr 2023-də başlayan gərginlikdən bəri ən acınacaqlı səviyyəyə çatdığını bildirib. Müstəqil "İnteqrə olunmuş Ərzaq Təhlükəsizliyi Faza Təsnifatı"na (IPC) görə, Qəzza sakinlərinin 39%-i ardıcıl bir neçə gün ac qalır, 500 mindən çox insan – əhalinin dörddə biri – aclıq həddində yaşayır.

Xeyrənsə Piriyeva

Seçilən
28
news24.az

1Mənbələr