AZ

Novo Nordisk-də CEO dəyişikliyi – Avropanın ən dəyərli şirkətinin səhmləri sürətlə ucuzlaşdı

Danimarkanın aparıcı əczaçılıq şirkəti Novo Nordisk beynəlxalq əməliyyatlar departamentinin rəhbəri olmuş Maziar (Mayk) Dustdarı şirkətin yeni baş direktoru (CEO) təyin edib.

54 yaşlı Dustdar artıq 30 ildir ki, elə Novo Nordisk-in özündə çalışır və əvvəlki rəhbərlərlə müqayisədə daha geniş beynəlxalq təcrübəyə malikdir. Bloomberg yazır ki, əvvəlki CEO-ların əksəriyyəti danimarkalı olsa da, Dustdar İranda anadan olub, Avstriya vətəndaşıdır və ABŞ-da böyüyüb. O, 7 avqust tarixindən etibarən hazırkı CEO Lars Jorgenseni əvəz edəcək.

Jorgensen 2017-ci ildən şirkətə rəhbərlik edib. Onun dövründə şirkətin Wegovy və Ozempic adlı dərmanları yalnız şəkərli diabet üçün yox, həm də arıqlama vasitəsi kimi geniş populyarlıq qazanıb. 2024-cü ilin iyun ayında Novo Nordisk-in bazar dəyəri 615 milyard dollara çataraq tarixi zirvəyə yüksəlib. Lakin ilin sonuna doğru şirkət ABŞ-ın Eli Lilly şirkətinin Zepbound və Mounjaro dərmanları ilə artan rəqabəti nəticəsində mövqelərini itirməyə başladı. Bu ilin martında şirkət qısa müddətə Avropanın ən dəyərli şirkəti titulunu itirsə də, iyun ayında 367,9 milyard dollar kapitalizasiya ilə bu statusu yenidən qazandı.

Bu gün yeni CEO-nun təyin olunması ilə yanaşı, Novo Nordisk 2025-ci il üçün maliyyə proqnozlarını da aşağı salıb: gəlir artımı üçün əvvəlki 13–21% əvəzinə 8–14%, əməliyyat mənfəəti üçün isə 16–24% əvəzinə 10–16% artım proqnozlaşdırılıb. Bu xəbərlər fonunda şirkətin səhmləri Bloombergə görə bir gün ərzində rekord səviyyədə — 30% ucuzlaşıb. Bazarın mənfi reaksiyasına səbəb olan amillərdən biri də rəhbərliyə yenidən daxildən bir şəxsin gətirilməsi olub — investorlar isə daha ciddi dəyişikliklər gözləyirdilər.

Seçilən
20
banker.az

1Mənbələr