Tariximizin ən
ağrılı səhifələrindən biri olan Qarabağ həsrəti artıq geridə qalıb. 2020-ci ildə
qazanılan şanlı Zəfər təkcə torpaqlarımızın azad olunması deyil, həm də Böyük
qayıdışın başlanğıcı oldu. İllərin sükutundan sonra regionda torpaqlar dirçəlir, yaşayış bərpa
edilir.
Dövlət tərəfindən
həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri "Böyük Qayıdışa
dair I Dövlət Proqramı"nın əsasını təşkil edir və artıq bu proses real nəticələr
verməyə başlayıb. Yol infrastrukturundan tutmuş məktəb və xəstəxanalara,
yaşayış komplekslərindən enerji təchizatına qədər atılan hər addım, icra olunan
hər layihə doğma torpaqlara işıq və ümid verir, gələcək qurur. Bütün dünya görür
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən Böyük qayıdış
ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının əsas sütunlarındandır.
Beş milli prioritetdən biri kimi qəbul olunan bu qayıdış təkcə məcburi köçkünlərin doğma torpaqlarına
dönməsi deyil, həm də bölgənin tamamilə yenidən dirçəldilməsi deməkdir. Müasir
infrastruktur yaradılır, yeni yollar, enerji xətləri, sosial obyektlər və
yaşamaq üçün əlverişli şərait qurulur, şəhərciklər tikilir, kəndlər salınır. Hər
daşında tarix, hər nəfəsində Vətən həsrəti olan bu torpaqlarda indi həyat
qaynayır. Proses təkcə regional dirçəliş deyil, həm də Azərbaycanın bir dövlət
kimi gücünü, iradəsini və gələcəyə olan inamını əks etdirən böyük bir
qayıdışdır.
Bu günlər İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları
"Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasının monitorinq və
qiymətləndirilməsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına
səfər ediblər. İİTKM-in nümayəndə heyəti tərəfindən Ağdam şəhəri, Ağdam
rayonunun Xıdırlı kəndi, Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndləri, Xankəndi
şəhərinin Kərkicahan qəsəbəsi, Ağdərə rayonunun Həsənriz və Vəngli kəndləri, Kəlbəcər
şəhəri, Laçın şəhəri, Laçın rayonunun Sus və Bəylik kəndləri, Qubadlı rayonunun
Mahruzlu və Zilanlı kəndləri, Zəngilan şəhəri, Zəngilan rayonunun Ağalı,
Cahangirbəyli və Məmmədbəyli kəndlərində icra olunan tikinti, yenidənqurma və bərpa
işlərinə, həmçinin kommunikasiya, infrastruktur və digər obyektlərə yerində
baxış keçirilib. Eyni zamanda nümayəndə heyəti Ağdam Sənaye Parkı, "Araz
Vadisi İqtisadi Zonası" Sənaye Parkı, "Qozlukörpü" və "Çaykənd"
su-elektrik stansiyaları, "Təkəqaya" və "Ağçay" kiçik
su-elektrik stansiyaları, "Şəfəq" Günəş- Elektrik Stansiyası və Cəbrayıl
rayonunda yerləşən "Tingçilik və Təlim-Tədris Mərkəzi"ndə görülmüş
işlərlə yaxından tanış olub.
İİTKM nümayəndələrinin
səfəri zamanı əldə olunan təəssüratlar bir daha göstərdi ki, Böyük qayıdış
kağız üzərindəki plan deyil, bölgədə
real bərpa işləri həyata keçirilir. İnfrastrukturun qurulması və sənaye
imkanlarının genişləndirilməsi ilə paralel əhalinin mərhələli şəkildə geri
dönüşünə də şərait yaradılır. Əsas məqsəd
keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək və
onların rahat, təhlükəsiz şəkildə məskunlaşmasıdır. Fakt görülən işlər nəticəsində təkcə 2025-ci ilin
iyuluna qədər 15 mindən çox insan doğma torpaqlarına qovuşub. Bu, Böyük
qayıdışın real nəticələrindən yalnız biridir. Hazırda burada 50 min nəfərdən
artıq əhali yaşayır. Bu rəqəmlər hər birimizin qürur mənbəyidir. Çünki bu,
yalnız qayıdış deyil, həm də torpaqlarımızda yeni nəfəs, yeni həyat deməkdir.
2025-ci ilin
birinci yarısına olan bu məlumatlar prosesin necə genişmiqyaslı və sistemli şəkildə
irəlilədiyini bir daha nümayiş etdirir. Azad edilmiş ərazilərdə aparılan bərpa
və quruculuq işləri, eyni zamanda sosial infrastrukturun yaradılması istiqamətində
görülən tədbirlər insanların gündəlik həyatına birbaşa təsir edir. Dövlət
proqramı çərçivəsində bir sıra əhəmiyyətli layihələr icra olunub. Artıq 1 ali,
14 ümumtəhsil və 6 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu təhsil
ocaqları nəinki gənc nəsil yetişdirəcək, həm də
bölgənin intellektual potensialının formalaşmasında mühüm rol oynayacaq.
Sağlam gələcək
sağlam bünövrədən başlayır. Buna görə də səhiyyə infrastrukturunun yaradılması
Böyük qayıdışın əsas istiqamətlərindən biridir. Yeni tikilən xəstəxanalar, tibb
məntəqələri və müasir tibbi avadanlıqlarla təchiz olunmuş müəssisələr əhalinin
keyfiyyətli tibbi xidmətə əlçatanlığını təmin etməklə yanaşı, bölgələrə peşəkar
tibbi kadrların cəlb olunması və gələcək fəaliyyətləri üçün şərait yaradır. 19 səhiyyə müəssisəsinin
fəaliyyətə başlaması, o cümlədən 2 xəstəxana, 6 ailə sağlamlıq mərkəzi, 5 həkim
məntəqəsi, 4 modul tipli xəstəxana və 1 poliklinika deyilənlərin sübutudur. Səhiyyə ilə bağlı
görülən işlər işğaldan azad olunmuş ərazilərdə
yaşayan və buraya qayıdacaq əhali üçün etibarlı tibbi xidmətin təminatından xəbər
verir.
Ərazilərin fiziki
və iqtisadi birləşdirilməsi isə keyfiyyətli yol infrastrukturu ilə mümkün olur.
2025-ci
ilin birinci yarısında 300 kilometrdən artıq avtomobil yolunun tikintisi
tamamlanıb. Bu yollar təkcə məntəqələri bir-birinə bağlamır, həm də insanları
doğma yurdlarına, öz köklərinə qovuşdurur. Onlar bölgəyə iqtisadi nəfəs gətirir,
investisiyaların və xidmətlərin axınını təmin edir, kənd təsərrüfatının, sənayenin
və turizmin inkişafına təkan verir, regionun potensialını üzə çıxarır. Yol
infrastrukturu sayəsində həm yerli əhali, həm də sahibkarlar üçün yeni imkanlar
yaranır, bazarlara çıxış asanlaşır.
Bütün bu sadalananlar Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsində
güclü və dayanıqlı həyat mühitinin yaradıldığını sübut edir. Böyük qayıdış sadəcə
əhalinin doğma yurdlarına qayıdışı deyil, həm də mədəniyyətin, tarixin,
iqtisadiyyatın və sosial həyatın yenidən dirçəldilməsidir. Bu gün səslənən rəqəmlər
sabahın reallıqlarıdır. Və bu reallıqlar göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda
həyat planlı, düşünülmüş və möhkəm təməl üzərində qurulur.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"