Uzun illər yurd həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlər tədricən öz evlərinə qayıdırlar. Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olan növbəti köç karvanının ünvanı Ağdamın Xıdırlı kəndi olub.
Bu mərhələdə 60 ailə - 236 nəfər yenidən qurulmuş abad yurdlarına sonsuz sevinclə, böyük ümidlərlə qayıdıblar. Sakinlərdən birinin - Elçin Həsənovun buradan gedəndə 3 yaşı vardı. İndi də doğma yurdunda, isti ocağında keçirə bilmədiyi uşaqlıq illərinə görə təəssüflənir: "Amma istəyirəm ki, uşaqlarım öz doğma kəndimizdə - Xıdırlıda yaşasınlar, mənim yaşamadığım həyatı onlar yaşasın. Bu, mənim ən böyük arzumdur".
Elçin Həsənovun atası vətən torpaqları uğrunda şəhid olub. Məzarı da buradadır: "İndi ona daha yaxın olacağam, ziyarət edəcəyəm. Bu da mənim üçün böyük təsəllidir".
46 yaşlı Amil Qurbanovun isə Xıdırlı kəndindən çıxanda 13 yaşı olub. Ermənistanın işğalı səbəbindən el-obasında ayrı yaşamaq məcburiyyətində qaldığı illərdə bu torpaqlardan, burada keçirdiyi günlərdən o qədər danışıb ki, övladları bu yerləri görmədən seviblər. Artıq birlikdə Xıdırlıdadırlar.
İllərdir ürəyində yaşatdığı yurd həsrəti bitən, arzusu gerçəkləşən Zərifə Allahverdiyeva bu sevincli vaxtlarında nisgilli günlərini də yada salır: "Torpağımı, evimi burada qoyub getmişdim. İllərlə yurd həsrəti ilə yaşamışıq. Həmin vaxt kəndi yoldaşımla və uşaqlarımla tərk etdik. Amma bu gün yoldaşım yoxdur, dünyasını dəyişib. Mən uşaqlarımla birlikdə qayıtmışam. Şükür bu günə".
Xıdırlı kəndinin sakinlərinin bundan sonra ən böyük arzuları doğma yurdlarında yaşamaq, çalışmaq, onun abadlaşdırılmasında iştirak etməkdir. Zərifə Allahverdiyeva yurddaşlarının arzularını belə ifadə edib: "İnşallah ki, kəndimizdə iş yerləri açılsın, həm özüm, həm də övladlarım orada çalışacağıq. Kəndimizin bərpasında iştirak etmək, quruculuq işlərinə töhfə vermək istəyirik".
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"