AZ

İnkişafa yeni yanaşma   

O, hər kəs üçün əlçatan və davamlı olmalıdır

Müasir dövrdə inkişaf təkcə iqtisadi göstəricilərlə ölçülmür. Əsl tərəqqi insanın layiqli yaşayış imkanlarına sahib olduğu, sosial ədalətin bərqərar edildiyi, ekoloji dəyərlərin qorunduğu cəmiyyətlərin qurulması ilə mümkündür. Bu baxımdan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dünyaya yalnız ümumi məqsədlər deyil, həm də bir çağırış bəxş edir: inkişafı hər kəs üçün əlçatan və davamlı etmək.

Bir neçə gün əvvəl BMT-nin Məskunlaşma Proqramı və İtaliya Respublikasının Nyu York şəhərindəki daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinin Lokallaşdırılması üzrə Tərəfdaşlıq Platforması"na həsr olunmuş yüksəksəviyyəli tədbir  məhz bu çağırışı özündə ehtiva edib. Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan ilə İtaliya arasında enerji, ticarət, təhsil və mədəniyyət sahələrini əhatə edən ikitərəfli münasibətlərin yüksəksəviyyəli olduğunu vurğulayaraq, bu əməkdaşlığın şəhərsalma, "yaşıl infrastruktur" və DİM-lərin həyata keçirilməsi sahələrində də genişləndirilə biləcəyini diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, BMT  tərəfindən qəbul edilən 2030-cu il Gündəliyi dünyanın sosial, iqtisadi və ekoloji problemlərinə kompleks yanaşma təqdim edən 17 Dayanıqlı İnkişaf Məqsədləri əsasında qurulmuş qlobal strategiyadır. Məqsədlər yalnız milli səviyyədə deyil, yerli və regional səviyyədə də uğurla həyata keçirilməli və icra olunmalıdır. Məhz bu kontekstdə Dayanıqlı İnkişaf Məqsədlərinin Lokallaşdırılması üzrə Tərəfdaşlıq Platforması xüsusi əhəmiyyət kəsb edir. Dünyada mövcud olan sosial-iqtisadi fərqliliklərdən dolayı vahid yanaşma bütün ölkələr və ya regionlar üçün səmərəli ola bilməz. Buna görə də DİM-lərin lokallaşdırılması yerli icmaların və regional idarəetmənin fəal  iştirakını və tərəfdaşlığını tələb edir. Tərəfdaşlıq Platforması isə dövlət qurumları, bələdiyyələr, vətəndaş cəmiyyəti, özəl sektor, beynəlxalq təşkilatlar və akademik dairələr arasında əməkdaşlığı gücləndirən bir koordinasiya mexanizmidir.

Azərbaycanda DİM-lərin lokallaşdırılması və platformanın inkişafına gəlincə, deyə bilərik ki,  ölkəmiz artıq  2030-cu il Gündəliyini və DİM-ləri strateji inkişaf istiqamətlərindən biri kimi qəbul etmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmış, bir sıra milli fəaliyyət proqramları  həyata keçirilmişdir. Hazırda regionlarda da bu məsələlərin həyata keçirilməsi məqsədilə lokallaşdırma mexanizmlərinə ehtiyac olduğu üçün Dayanıqlı İnkişaf Məqsədlərinin Lokallaşdırılması üzrə Tərəfdaşlıq Platforması təşəbbüsü irəli sürülmüşdür.

Qeyd edək ki, Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması elə bir prosesdir ki, o, yalnız dövlətin deyil, bütün cəmiyyətin iştirakı ilə mümkündür. Bu mənada Tərəfdaşlıq Platforması müxtəlif maraqlı tərəflərin bir araya gəlməsini təmin edən innovativ və inklüziv bir model kimi çıxış edir. Azərbaycanda həmin  platformanın gücləndirilməsi və daha geniş tətbiqi həm DİM-lərin uğurlu icrasına, həm də regional inkişafın balanslı və dayanıqlı şəkildə aparılmasına şərait yaradır.

Mövzunun beynəlxalq gündəmdə müzakirəsi Azərbaycan təcrübəsinin təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu kontekstdə  Anar Quliyev adıçəkilən tədbirdə Azərbaycanda şəhərsalmanın milli inkişaf strategiyasının aparıcı elementi kimi qəbul edildiyini vurğulayıb və hazırda ölkə üzrə şəhərlərin 86 faizinin 20 illik yenilənmiş baş planlarla layihələndirildiyini bildirib.

Məlumdur ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi təkcə fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Bu fəaliyyətlər "daha yaxşı bərpa"  prinsipinə əsaslanaraq, həm keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli şəkildə geri qayıdışını təmin etməyi, həm də regionda dayanıqlı və inklüziv şəhər məkanlarının formalaşdırılmasını nəzərdə tutur. Belə  yanaşma gələcək şəhərsalma və regional inkişaf üçün nümunəvi modellərin yaradılmasını hədəfləyir. Genişmiqyaslı yenidənqurma fəaliyyətlərinin məqsədyönlü və koordinasiyalı şəkildə həyata keçirilməsi üçün Prezidentin Xüsusi Nümayəndəlikləri institutu yaradılmışdır. İnstitut müxtəlif idarəetmə səviyyələri arasında praktiki əməkdaşlığın qurulmasına xidmət etməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üçün  də funksional və çevik bir çərçivə rolunu oynayır.

Qeyd edək ki, 2026-cı ilin may ayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda da (WUF13)  Dayanıqlı İnkişaf Məqsədlərinin əsas müzakirə mövzularından biri olacağı gözlənilir. Qlobal tədbirin gündəliyində DİM-lərin lokallaşdırılması ilə bağlı aktual məsələlərin də yer alması planlaşdırılır. Yeri gəlmişkən əlavə edək ki, gələnilki ümumdünya forumundan əvvəl  bu ilin oktyabrında Azərbaycanda 3-cü Milli Şəhərsalma Forumu keçiriləcək. 

Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması idarəetmə aləti olmaqla yanaşı,  davamlı gələcək üçün bir yol xəritəsidir. Bu məqsədlərin reallaşması yalnız hökumətin deyil, yerli icmaların, özəl sektorun, vətəndaş cəmiyyətinin və beynəlxalq tərəfdaşların birgə səyi ilə mümkündür. Azərbaycanın bu sahədə atdığı addımlar, xüsusilə Tərəfdaşlıq Platforması və şəhərsalma təşəbbüsləri regional inkişafda yeni, inklüziv və davamlı yanaşmaların formalaşmasına xidmət edir.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
3
azerbaijan-news.az

1Mənbələr