AZ

"Qərəzli sənədlər regiondakı reallıqları dəyişmək gücündə deyil"  

"Fransa Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələrin heç bir əsası yoxdur. Bu, birinci hal deyil. Azərbaycanın 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror əməliyyatlarında uğurlu qələbəsindən sonra Fransanın qərəzi pik həddə çatıb, dəfələrlə ölkəmizə qarşı ədalətsiz qətnamələr qəbul olunub". 

Milli Məclisin deputatı Nigar Məmmədova "Azərbaycan" qəzetinə açıqlamasında onu da bildirib ki, Fransa Milli Assambleyasındakı ermənipərəst dairələr Cənubi Qafqazda Azərbaycanın üstünlüyü ilə müşayiət olunan reallığı heç bir halda qəbul edə bilmirlər: "Postmünaqişə dövründə Azərbaycanın mövqeyinin daha da güclənməsi Fransadakı qərəzli çevrələri narahat edir. Son vaxtlar Bakı ilə İrəvan arasında baş tutan vasitəçisiz təmaslar da destruktiv qüvvələri rahatsız edən səbəblərdən biridir. Mövcud vəziyyət Fransa daxil olmaqla heç bir kənar vasitəçinin normallaşma prosesində yerinin olmadığını təsdiqləyir. Sülh gündəliyi ilə bağlı nəticəyönümlü danışıqlar, müəyyən razılaşmalar destruktiv qüvvələrin "oyundankənar vəziyyətdə" qalması deməkdir. Cənubi Qafqazda çirkin planları olan Fransa Ermənistana öldürücü silahlar satmaqla regionda sülh yox, eskalasiya riskini artırmağa çalışırdı. Lakin bu məkrli planlar baş tutmadı".

Deputat qeyd edib ki, Milli Məclisin Korsika qrupunun bəyanatında da qeyd olunduğu kimi, Yeni Kaledoniya ilə Fransa arasındakı sonuncu razılaşmalar fonunda Bakı Təşəbbüs Qrupunun göstərdiyi dəstək də rəsmi Parisi qıcıqlandırır. Halbuki Bakı Təşəbbüs Qrupu beynəlxalq qeyri-hökumət təşkilatıdır. "Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumunda söylədiyi kimi, bəzi Avropa paytaxtları düşündüyü və ya təqdim etdiyi kimi deyil. Bakı Təşəbbüs Qrupunun Azərbaycan hökuməti ilə heç bir əlaqəsi yoxdur. Bu, şəxsi gündəliyi olan qrup deyil. Qısa müddət ərzində Qvadelupa, Yeni Kaledoniya, Martinika, Sen-Marten və digər müstəmləkələrin xalqlarının tələbləri əsasında öz gündəliyini formalaşdırıb", - deyə o bildirib.  

N.Məmmədova hesab edir ki, Fransa Milli Assambleyası başda olmaqla, bir çox Qərb institutu tərəfindən ölkəmizə qarşı qəbul olunan qərəzli sənədlər yararsız kağız parçalarıdır: "Bu cür təzyiq vasitələri regiondakı reallıqları dəyişmək gücündə deyil. Regionda söz sahibi qalib Azərbaycandır. Heç bir qüvvə rəsmi Bakının prinsipial mövqeyinə təsir edə bilməz".

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
15
1
azerbaijan-news.az

2Mənbələr