Hadisə yerində üç nəfər sağ tapılıb, xilasetmə əməliyyatı davam edir...
Poliqon xəbər verir ki, Venesuelanın Amazonas ştatının sıx cəngəlliklərində qəzaya uğrayan hərbi təyyarənin göyərtəsində olan üç nəfər sağ tapılaraq xilas edilib. Bu barədə Venesuelanın dövlət televiziyası VTV məlumat yayıb.
Məlumata görə, Bolivarian Milli Silahlı Qüvvələrinin (FANB) xilasetmə qrupları təyyarənin göyərtəsində olan üç nəfəri möcüzəvi şəkildə xilas edə bilib. Qəzaya uğrayan hava gəmisinin Caravan modelinə aid, AMB4292 nömrəli təyyarə olduğu bildirilib. Təyyarə Puerto-Ayakucho şəhərindən havaya qalxdıqdan az sonra radarlardan itib.
Amazonas ştatının qubernatoru Migel Rodrigesin sözlərinə görə, təyyarə Venesuela Hərbi Hava Qüvvələrinin 9-cu nəqliyyat aviaqrupuna məxsus olub və göyərtəsində azı 10 nəfər – tibb işçiləri, ekipaj üzvləri və ilkin səhiyyə müayinəsindən sonra evlərinə qayıdan yerli yanomami qəbiləsinin nümayəndələri olub.
İlkin ehtimallara əsasən, qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi güman olunur. Hadisə yerində xilasetmə əməliyyatı davam edir. Dövlət televiziyası VTV-nin yaydığı kadrlarda yaralı sərnişinlərdən birinin helikopterlə, xərəkdə daşınaraq təxliyə edildiyi görünür. Digər sərnişinlərin taleyi isə hələlik dəqiqləşdirilməyib.
Poliqon.info