BAKI, 30 iyul. TELEQRAF
Qədim Misir türbəsində qurbangah kimi istifadə olunan gil otaqda 4000 il yaşı olan əl izi tapılıb.
Teleqraf xəbər verir ki, əl izi Kembric Universitetinin Fitzvilliam Muzeyindən olan tədqiqatçıların bu payızda açılacaq sərgiyə hazırlıq işləri zamanı aşkar edilib.
Muzeyin məlumatına görə, iz, adətən dəfn yerlərində aşkar edilən və ruhun məskəni hesab edilən gil otaqda - "Ruh Evi"nin özülündə tapılıb.
Alimlər hesab edirlər ki, naməlum dulusçu əvvəlcə ikimərtəbəli tikili üçün taxta tirlərdən karkas hazırlayıb, sonra isə onu gillə örtüb. Əl izi "Ruh Evi"nin altında tapılıb və çox güman ki, dulusçu gil hələ nəm ikən və sobada bişirilməzdən əvvəl modeli hərəkət etdirərkən yaranıb.