AZ

Türkiyə–Qazaxıstan münasibətləri: qardaşlıqdan strateji tərəfdaşlığa

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə səfəri iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu il diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümünü qeyd edən Qazaxıstan və Türkiyə münasibətləri əməkdaşlığın dərinləşdirilməsi istiqamətində yeni səhifə açır. Prezident Tokayev Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edib və Ankaradakı Prezident Kompleksində keçirilən görüşdə strateji tərəfdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.

Görüş çərçivəsində Türkiyə–Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. Tərəflər Orta Dəhlizin inkişafı, enerji, müdafiə, ticarət, kənd təsərrüfatı, media və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni hədəflər müəyyənləşdiriblər. Görüşlər zamanı iki ölkə arasında münasibətlərin müqavilə-hüquq bazasını gücləndirən çoxsaylı sənədlər imzalanıb.

Türkiyə və Qazaxıstan arasındakı münasibətlər dərin tarixi və mədəni bağlara əsaslanır. 1991-ci ildə müstəqillik qazandıqdan sonra Qazaxıstanı tanıyan ilk ölkə Türkiyə olub. Diplomatik münasibətlər 1992-ci il martın 2-də qurulub, həmin ildən etibarən qarşılıqlı səfirliklər və konsulluqlar fəaliyyətə başlayıb. Hazırda Türkiyənin Astanada səfirliyi, Almatı, Aktau və Türküstanda baş konsulluqları, Çimkənddə isə fəxri konsulluğu fəaliyyət göstərir. Qazaxıstanın isə Ankarada səfirliyi, İstanbul, Antalya, İzmir şəhərlərində baş konsulluqları, eləcə də Dənizli, Alanya, Bursa, Bitlis, Hatay, Konya və Mersində fəxri konsulluqları mövcuddur.

2009-cu ildə imzalanmış “Strateji Tərəfdaşlıq Sazişi” ilə iki ölkə arasında münasibətlər strateji səviyyəyə yüksəlib, 2022-ci ildə isə bu əlaqələr “Genişləndirilmiş Strateji Tərəfdaşlıq” səviyyəsinə çatdırılıb. Müstəqillik qazandıqdan sonra Qazaxıstan prezidentləri Türkiyəyə 20-dən çox rəsmi səfər ediblər. Prezident Tokayev 2019-cu ildən bu yana Prezident Ərdoğanla 14 ikitərəfli görüş keçirib. Qazaxıstan və Türkiyə Türk Dövlətləri Təşkilatının qurucu üzvləri olaraq təşkilatın beynəlxalq nüfuzunun gücləndirilməsi istiqamətində əməkdaşlıq edir, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti Təşkilatı və TÜRKSOY kimi qurumlarla inteqrasiyanı fəal şəkildə irəli aparırlar.

İki ölkə həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda da həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq edir. Qlobal geosiyasi və iqtisadi qeyri-sabitliyə baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi artmaqda davam edir. 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi 5 milyard dolları ötüb. Yalnız yanvar–may aylarında bu göstərici 1,9 milyard dollar təşkil edib.

Türkiyə, Qazaxıstanın ən iri xarici sərmayəçilərindən biri kimi ön plana çıxır. 2004–2025-ci illərdə Türkiyənin Qazaxıstana yatırdığı sərmayələrin ümumi məbləği 5,2 milyard dollar təşkil edib. Hazırda ölkədə 3 538 türk şirkəti fəaliyyət göstərir və iki ölkə arasında 78 ortaq layihə reallaşdırılıb.

İkitərəfli əlaqələr çərçivəsində təhsil və turizm sahəsində də sıx əməkdaşlıq qurulub. Hazırda 12 mindən artıq qazax tələbə Türkiyədə ali təhsil alır. 2024–2025-ci tədris ili üçün əlavə olaraq 300 qazax tələbə “Türkiyə təqaüdü” proqramı çərçivəsində qəbul olunub. Turizm sahəsində də intensiv əlaqələr mövcuddur. 2023-cü ildə 863 min qazaxıstanlı turist Türkiyəyə səfər edib, eyni dövrdə Türkiyədən Qazaxıstana gələn turistlərin sayı 130 minə yaxın olub. Bu əlaqələrin daha da inkişafı üçün Qazaxıstan hökuməti Türkiyə vətəndaşlarının ölkədə vizasız qalma müddətini 30 gündən 90 günə qədər artırıb.

Qazaxıstan və Türkiyə arasında qurulan münasibətlər təkcə ortaq tarixə deyil, həm də gələcəyə yönəlmiş strateji baxışa əsaslanır. Prezident Tokayevin bu səfəri iki ölkə arasında qarşılıqlı etimada və ortaq maraqlara dayanan əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoyur.

Səbuhi MƏMMƏDOV
XQ

Seçilən
16
1
xalqqazeti.az

2Mənbələr