ain.az, Xalq qazeti saytına istinadən bildirir.
Müslüm Maqomayev – 140
Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yaxın dostu, həmkarı və məsləkdaşı, Azərbaycanın ilk peşəkar dirijoru Müslüm Maqomayev onunla eyni ildə – 1885-ci ildə, həm də eyni ayda və gündə – sentyabrın 18-də dünyaya göz açıb. Eyni ad-soyadlı nəvəsi, parlaq musiqi ulduzu – müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin də musiqi tariximizdə silinməz izləri qalıb. Sentyabrda Üzeyir bəylə bərabər, baba Müslüm Maqomayevin də 140 illik yubileyini qeyd edəcəyik.
O, əslən Qax rayonunun İlisu kəndindəndir. Atası Məhəmməd gənc yaşlarında kənddə dəmirçilik edib və sonralar Şimali Qafqaza köçüb. Müslüm də o vaxt Qroznıda anadan olub.
1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olub. Elə buradan da onun Üzeyir bəylə dostluğu başlayıb. Təhsil illərində skripka və qaboyda əla çalan Müslüm Maqomayev tələbələrin iştirakı ilə simfonik və nəfəsli orkestrin konsertlərində baş ifaçısı olub, dəfələrlə dirijoru əvəz edib. Seminariyanı uğurla bitirdiyinə görə skripka və pul mükafatı alıb. Təyinatla Şimali Qafqaza işə göndərilib. İki il oradakı bir aulda nəğmə müəllimi və məktəb müdiri vəzifəsində çalışıb, şagird xoru təşkil edib.
Gənc Müslüm 1911-ci ildə Bakıya köçüb və burada şəhər kollecində işə başlayıb. Növbəti ildə Üzeyir bəy təhsil almaq üçün Moskvaya gedəndə onun əsərlərinin səhnə taleyi məhz Müslüm Maqomayevə tapşırılıb. Üzeyir bəyin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şeyx Sənan” operalarına, eləcə də, “O, olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarına dirijorluq edib. Azərbaycan milli teatrının inkişafı, eləcə də, müəllimlik sahəsindəki pedaqoji fəaliyyəti Üzeyir Hacıbəyli ilə daha da yaxınlaşmasına vəsilə olub.
M.Maqomayev 1913-cü ildən “Şah İsmayıl”, “Sevgi” və “Məhəbbət” operalarını yazmağa başlayıb. O, 1916-cı ildə özünün ilk səhnə əsəri olan “Şah İsmayıl”ı bitirib. Xalq əfsanəsinə əsaslanan bu operada bəstəkar milli folklor nümunələrindən bacarıqla istifadə edib, musiqi isə improvizasiya və muğam prinsiplərinə əsaslanıb.
Onun Üzeyir bəylə yaxınlığını sanki Allah daha sıx tellərlə qayım-qədim edib. Mədəniyyətimizin tərəqqisi yolunda birgə addımlayan bəstəkarlar təkcə sənətdə deyil, həyatda da bir növ ayrılmaz olublar. Belə ki, hər ikisi yaxın dostları Əli Terequlovun bacıları ilə ailə qurub: Üzeyir bəy Məleykə xanıma, Müslüm bəy isə Badigülcamal xanıma könül verib. M.Maqomayevin bu izdivacdan Cəmaləddin və Məhəmməd adında iki oğlu dünyaya gəlib. Cəmaləddin böyüyəndən sonra hökumətdə çalışıb, Məhəmməd (müğənni Müslüm Maqomayevin atası) rəssam olub, İkinci Dünya müharibəsi zamanı cəbhəyə yollanıb və 1945-ci ildə Berlin yaxınlığında qəhrəmancasına həlak olub.
Bəstəkarın güclü təşkilatçılıq bacarığı və məsuliyyət hissi onu tutduğu vəzifələrdə daim ucaldıb. Azərbaycan SSR Təhsil İşçiləri Birliyinin sədri, Xalq Təhsili Komissarlığının incəsənət şöbəsinin müdiri, Azərbaycan Dram Teatrının bədii rəhbəri, Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışıb. Daha 3 il Azərbaycan Radio Komitəsində musiqi şöbəsinin rəhbəri vəzifəsində işləyib. Amma sənət onun üçün daha öndə olub. Bəstəkar 1920–1930-cu illərdə “Azərbaycan incəsənəti”, “Raport veririk” kinofilmlərinə, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” dram tamaşalarına və digər əsərlərə musiqi bəstələyib. O, simfonik orkestr üçün milli koloritli rəqs musiqiləri, həmçinin, mahnılar yazıb. O, vokal musiqisi sahəsində də öz fəaliyyətini davam etdirib.
1932-ci ildə “Koroğlu” dastanı hekayəsinə əsasən opera yazmağa başlayıb, lakin Ü.Hacıbəylinin eyni mövzuda əsər yazdığını öyrənincə, dostunun daha yaxşı bir opera yazacağını düşünərək, öz qaralamalarını cırıb atıb.
Üzeyir bəy Müslüm Maqomayevin Azərbaycan incəsənətində göstərdiyi fədakarlıqlardan danışarkən qeyd edirdi: “Müslüm Maqomayev Azərbaycan musiqi sənəti yolunda qarşıya çıxan hər cür maneələri amansızcasına qırıb atan, ruhən və arzularına görə xalq sənətkarı, əsl realist, cəsarətli novator idi”.
Müslüm Maqomayev yaradıcılığının ən yüksək zirvəsini onun Avropa stilində yazdığı “Nərgiz” operası təşkil edir. Bəstəkar bu opera üzərində 3 il işləyib. “Nərgiz” operası Azərbaycan musiqisinin inkişafı tarixində mühüm yer tutub. Byuna görə müəllif “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 15-ə yaxın simfonik əsərin, o cümlədən 2 opera, marşların və bir neçə rapsodyanın, azərbaycanlı şairlərin şeirlərinə əsaslanan bir çox vokal əsərlərin müəllifidir. Müslüm Maqomayevin bitməmiş əsərlərindən üçü məlumdur: “Sevgi” operası, “Dəli Muxtar” baleti və “Xoruz bəy” adlı musiqili komediya. Bundan əlavə, o teatr tərtibatının (“Ölülər”, “1905-ci ildə”) və neçə-neçə filmə dair musiqi müşayiətinin müəllifidir.
Müslüm Maqomayev 1937-ci il iyulun 28-də uzun sürən xəstəlikdən sonra Nalçikdə vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub. Azərbaycan Dövlət Akademik Filarmoniyası və Bakıda İçərişəhərin küçələrindən biri Müslüm Maqomayevin adını daşıyır. Bəstəkarın paytaxtda yaşadığı Nizami küçəsindəki 41 nömrəli evin divarında xatirə lövhəsi var.
Sonda bu anım yazısını böyük bəstəkar Fikrət Əmirovun fikirləri ilə tamamlamaq yerinə düşər: “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin musiqi rəşadətinin və insani hünərinin əzəməti, onların fəaliyyətinin Azərbaycan incəsənəti üçün əhəmiyyəti gözümüz qarşısında canlanır. Qəlbimiz Azərbaycan xalqının bu iki oğluna məhəbbət və minnətdarlıq hissi ilə coşur. Onlar Azərbaycan xalqının mədəniyyəti tarixinə ən parlaq səhifələrindən birini yazmışlar. Bu səhifə keçmişin epizodu kimi deyil, müasir dövrün canlı mənzərəsi kimi indiyədək çox böyük maraq oyadır”.
Əli NƏCƏFXANLIXQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.